Yanvarın 6-da ABŞ hökumətinin qismən qapanmasına son qoyulmasından ötrü danışıqlarda irəliləyiş əldə olunmayıb. Konqres təmsilçiləri və administrasiya rəsmiləri razılığa gələ bilməyiblər.
Prezident Donald Trump Meksikayla sərhədin hasarlanmasına 5,6 milyard dollar tələb edir. Trump hasarın qanunsuz miqrasiyanın və narkotik qaçaqçılığının önlənməsindən ötrü gərəkdiyini bildirir.
Nümayəndələr Palatasına nəzarət edən demokratlar isə sərhədin hasarlanmasına qarşı çıxır, bunu səmərəsiz, mənəviyyatsız metod sayır.
Artıq hökumət üçüncü həftədir qismən qapalıdır. Palatanın spikeri Nancy Pelosi deyib ki, dövlət agentliklərinin açılmasından ötrü ayrı-ayrı qanunların qəbuluna başlamaq niyyətindədir. Birinci yerdə Xəzinədarlıq Departamentinin açılması durur.
Palata xərcləmə qanunu qəbul edə bilər, ancaq respublikaçıların nəzarətində olan Senat onu təsdiqləməli, prezident imzalamalıdır.