Ombudsman Aparatı bloqqerlə bağlı açıqlama verib

M.Hüseynov

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkilinin Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına baş çəkiblər.

Bu barədə Ombudsman Aparatının bu gün, yanvarın 7-də yaydığı məlumatda bildirilir.

«MPQ-nin rəhbəri və həkim üzvünün də iştirak etdiyi başçəkmə çərçivəsində bu müəssisədə saxlanın Mehman Hüseynov da konfidensial qaydada qəbul olunub. Müraciəti dinlənilib, qida qəbul etməsi və sağlamlıq durumu ilə bağlı vəziyyəti özünün iştirakı ilə müəssisənin həkimi dəvət olunmaqla yerində araşdırılıb. Müşahidə nəticəsində məlum olmuşdur ki, M.Hüseynov qida qəbul edir, sovqat alır, gündəlik həkim nəzarətindədir və sağlamlıq durumu normaldır», -açıqlamada vurğulanır.

Məlumatda habelə qeyd edilir ki, başçəkmə çərçivəsində M.Hüseynovun Ombudsmana ünvanladığı yazılı müraciəti baxılmasından ötrü Baş Prokurorluğa göndərilib. Müraciətin detalları açıqlanmayıb.

Ombudsman Aparatının bu açıqlamasına, hələlik, M.Hüseynovun ailəsi və ya vəkillərindən münasibət almaq mümkün olmayıb.

M.Hüseynovun vəkili sonuncu dəfə yanvarın 4-də onunla görüşmüşdü. Həmin vaxt vəkil Şəhla Hümbətova M.Hüseynova istinadən onun aclıq aksiyasını davam etdirdiyini açıqlamışdı.

Bloqqerin vəkilinin bu gün, yanvarın 7-də də onunla görüşə cəhd etdiyi bildirilir.

Onun atası Rafiq Hüseynov isə yanvarın 6-da bildirmişdi ki, yanvarın 5-də M.Hüseynov ona zəng vurub.

«Dünən (yanvarın 5-də-r) Mehman zəng etmişdi. Dedi ki, ikinci gün (yanvarın 8-də-r) yanına gəlim, ona su aparım. Həmişə yeməklər gətirməyimi xahiş edirdi. Bu dəfə ərzaq haqqında danışmadı, yalnız su istədi. Səhhətini soruşdum. Mənə sağlamlıq durumu barədə bir söz demədi. Neçə dəfə soruşdum, araya söz qatdı. Həmişə mənimlə gülə-gülə, çox xoş danışardı. Bu dəfə elə deyildi, səsi çox zəif idi. Təngnəfəs olurdu, dayana-dayana danışırdı», - R.Hüseynov «Amerikanın Səsi»nə bildirib.

Rəsmi məlumata görə, M.Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bu ittihamla üzləşən şəxsi 3 ildən 7 ilə kimi həbs verilə bilər. Vəkillərinin bildirməsinə görə, M.Hüseynovun özü ittihamı qurama sayır. O, buna etiraz olaraq dekabrın 26-dan aclıq aksiyasına başladığını açıqlayıb. Onun bu üzdən səhhətinin ağırlaşdığı bildirilir. Ancaq Penitensiar Xidmətdən də vurğulayıblar ki, M.Hüseynov cəmi bir gün aclıq aksiyası keçirib, o, yemək qəbul edir.

Xatırlatma

M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, polisə böhtan atmaqda təqsirli bilinib. Bloqqer həbsindən öncə saxlanarkən polisdə işgəncəyə məruz qaldığını açıqlamışdı.

M.Hüseynov çəkdiyi videolarda hökumətin fəaliyyətini tənqid edib, yüksəkvəzifəli şəxslərin, deputatların olduğu deyilən bəzi mülklər barədə süjetlər hazırlayaraq sosial şəbəkələrdə yayıb. O, həbsinin fəaliyyəti ilə bağlı olduğunu bildirib.

Amma hakimiyyət rəsmiləri bildirirlər ki, Azərbaycanda jurnalist və bloqqerlər peşə fəaliyyətləri ilə bağlı həbs edilmirlər.