Şimali Koreya lideri Çindədir

Kim Jong Un həyat yoldaşı Ri Sol Ju ilə Çinə yola düşür

Şimali Koreya lideri Kim Jong Un Çinə gedib. Müşahidəçilər onun ABŞ Prezidenti Donald Trump ilə potensial samit öncəsi Pekinlə koordinasiya edəcəyini düşünürlər.

Kim-in yanvarın 8-də həyat yoldaşı və aparıcı rəsmilərlə birlikdə xüsusi qatarda Çinə çatdığı bildirilir. Xəbəri Şimali Koreya Mərkəzi Xəbər Agentliyi yayıb. Məlumatda səfərin Çin Prezidenti Xi Jinping-in dəvətilə gerçəkləşdirildiyi qeyd olunur.

Çinin rəsmi Xinhua xəbər agentliyi də Kim-in səfərini təsdiqləyib.

Bundan öncə yayılmış məlumatlara görə, ABŞ və Şimali Koreya rəsmiləri Vyetnamda bir araya gələrək Kim və Trump-ın ikinci sammitinin yerini müzakirə ediblər.

İki lider ötən iyunda Sinqapurda tarixi samit keçiriblər. Bu, ABŞ və Koreya liderlərinin ilk görüşü idi.

Ancaq o vaxtdan Pxenyanın kiçik, amma artmaqda olan nüvə arsenalından əl çəkməsi üzrə razılaşma əldə olunmayıb.

Vaşinqton tələb edir ki, Pxenyan iqtisadi sanksiyalar qaldırılmazdan öncə silahlarından əl çəksin.

Şimali Koreya isə Birləşmiş Ştatlardan güzəştlər istəyir.