Taliban ABŞ rəsmiləri ilə sülh danışıqlarından imtina edir

Zalmay Khalilzad

Əfqanıstan Talibanının nümayəndələri bildiriblər ki, onlar ABŞ rəsmiləri ilə Qətərdə keçirilməli olan ikigünlük sülh danışıqlarından imtina edirlər.

Nümayəndələr bundan əvvəl bəyan etmişdilər ki, danışıqlar Əfqanıstan hökumətindən heç bir təmsilçi olmadan başlanacaq.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Əfqanıstan Talibanın təmsilçiləri yanvarın 9-dan Qətərdə ABŞ təmsilçiləri ilə ikigünlük sülh danışıqlarına başlayacağını bildirir. Ancaq Taliban “oyuncaq” Əfqanıstan hökumət rəsmiləri ilə görüşdən imtina edir.

Taliban regiondakı ölkələrin hökumət rəsmilərinin danışıqlarda iştirak çağırışını rədd edib, Birləşmiş Ştatların onların Əfqanıstanda əsas düşməni olduğunu deyib.

“Bu dəfə Amerika rəsmiləri ilə danışıqlar aparmaq istəyirik”, – Taliban liderlərindən biri “Reuters”ə deyib.

Elə həmin liderin deməsinə görə, Dohadakı danışıqlarda yaraqlı qruplaşmanın Birləşmiş Ştatlara qüvvələrini Əfqanıstandan çıxarmaq çağırışları müzakirə olunacaq. Digər mövzular məhbus mübadiləsi, Talibanın aparıcı fiqurlarının hərəkətinə qadağanın götürülməsidir.

Bu, Taliban liderləri ilə ABŞ-ın xüsusi elçisi Zalmay Khalilzad arasında artıq dördüncü danışıq olacaq.

Birləşmiş Ştatların milli təhlükəsizlik müşaviri John Boltonun Qətərdəki danışıqlara qatılıb-qatılmayacağı bəlli deyil.