Human Rights Watch insan haqları qrupu İraq Kürdüstanında təhlükəsizlik qüvvələrinin “uşaqlara işgəncə verərək” İslam Dövləti yaraqlıları ilə əlaqələrini onların boynuna qoyduğunu bildirir.
Qurum yanvarın 8-də açıqladığı hesabatda İŞİD-ə üzvlükdə ittiham olunan, yaxud buna görə təqsirli bilinən 23 yeniyetmə oğlandan müsahibə aldığını qeyd edir.
Həmin oğlanlardan 16-nın dindirilmə zamanı işgəncəyə məruz qaldığı vurğulanır. Bəziləri elektrik kabelləri, plastik borular, yaxud çubuqla döyülüb, digərləri elektroşoka məruz qaldığını deyib.
“Çoxu deyib ki, vəkillə təmin olunmayıb, təhlükəsizlik qüvvələrinin yazdığı ifadələri oxumağa onlara icazə verilməyib, onları imzalamağa məcbur ediliblər”, – sənəddə deyilir.
Qurum İraqın şimalındakı Kürdüstan Regional Hökumətinin təhlükəsizlik qüvvələrinin bu cəza mexanizminin 2017-2018-ci illərdə baş verdiyini qeyd edir. Baxmayaraq ki, hakimiyyət işgəncə iddialarını araşdırmağa söz vermişdi.
Kürd hökumətinin müşaviri Dindar Zebari isə “Frans Pres” agentliyinə müsahibəsində iddiaları təkzib edib.
“Məhkəmənin qərarı olmadan heç kəs həbs oluna bilməz. Həbs olunan hər bir kəslə qanun çərçivəsində davranılır”, – o deyib və kürd hökumətinin işgəncədən istifadəni rədd etdiyini vurğulayıb.