Kreml dopinq məsələsində ‘anlaşma’ əldə olunduğunu bildirir

RUSADA-nın Moskvadakı ofisi

Rusiya və Ümumdünya Antidopinq Agentliyi (WADA) Moskvanın antidopinq laboratoriyasından vacib informasiyanın verilməsi üzrə anlaşma əldə ediblər. Bunu Kreml deyir.

WADA-nın nümayəndə heyəti yanvarın 9-da artıq üçüncü dəfə Moskvaya gediblər. Onlar laboratoriyadan informasiya istəyirlər. Bu informasiya WADA-nın xeyli sayda rusiyalı atletə ittiham irəli sürməsinə kömək edə bilər.

Rusiya Prezidentinin sözçüsü Dmitry Peskov yanvarın 9-da deyib ki, “idman qurumlarımızdan aldığımız məlumata görə, intensiv əlaqə yaradılıb və işin necə aparılacağına dair WADA təmsilçiləri ilə anlaşma əldə olunub”.

Rusiya sözügedən informasiyanı dekabrın 31-dək təqdim etməliydi. Həmin tarixə əməl olunmaması RUSADA-nın sanksiyalarla üzləşə biləcəyi deməkdir.

RUSADA-nın beynəlxalq qurumda akkreditasiyası 2015-ci ildə ləğv olunub, amma ötən sentyabrda bərpa edilib. Beynəlxalq agentlik Rusiya idmanında dövlətin himayəsilə dopinqdən istifadə edilməsinə dair hesabat açıqlamışdı.