BMT Avstraliyadan xahiş edib ki, ailəsində fiziki və psixoloji zorakılıq gördüyünü deyərək Tailanda qaçmış 18 yaşlı səudiyyəli qadının qaçqın kimi yerləşdirilməsini nəzərdən keçirsin.
Rahaf Mohammed Alqunun yanvarın 5-də Banqkokun əsas aeroportunda Küveytdən gələn təyyarədə saxlanıb.
“BMT-nin qaçqınlar üzrə Ali Komissarlığı xanım Rahaf Mohammed Alqunun-un qaçqın kimi yerləşdirilməsini Avstraliyaya tövsiyə edib”, – Avstraliyanın Daxili Təhlükəsizlik Departamenti yanvarın 9-da yaydığı bəyanatında deyib.
ALQUNUN ATASI VƏ QARDAŞIYLA GÖRÜŞMƏK İSTƏMƏYİB
Departament bu işin komissarlığın digər tövsiyələrində olduğu kimi nəzərdən keçirəcəyini bildirib.
Qurum əlavə şərh verməyib.
BMT Komissarlığının Tailanddakı ofisi də məsələni şərh etməyib.
Tailand əvvəlcə Səudiyyə səfirliyinin xahişilə qadını deportasiya edəcəyini, onu Avstraliyaya buraxmayacağını deyirdi.
Ancaq Alqunun özünü aeroport otelində bir otağa qapatdı, deportasiya sarıdan qorxularını tvitlərində dilə gətirdi. Onun beynəlxalq diqqəti özünə çəkməsi Tailand rəsmilərini də mövqeyini dəyişməyə məcbur etdi.
Alqunun hazırda BMT agentliyinin Banqkokdakı ofisinin himayəsindədir.
Bu arada Səudiyyə Ərəbistanı onsuz da beynəlxalq diqqət mərkəzindədir. Oktyabrın əvvəlində səudiyyəli jurnalist Jamal Khashoggi-nin İstanbuldakı konsulluqda qətlə yetirilməsi ər-Riyadın Qərblə münasibətlərində gərginlik yaradıb.
Hələ BMT-nin tövsiyəsindən öncə Avstraliyanın səhiyyə naziri Greg Hunt demişdi ki, UNCHR Alqunun-un qaçqın olduğunu bildirərsə, ona humanitar viza verilə bilər.
Talibandın immiqrasiya polisinin rəhbəri Surachate Hakparn isə bildirib ki, qadının atası və qardaşı Banqkoka onunla görüşə gediblər, Alqunun imtina edib.