Kim Trump-la ikinci sammitdə “nəticə əldə etməyə hazırdır”

Kim Jong Un-un olduğu güman edilən maşın karvanı Pekində

Şimali Koreya lideri Kim Jong Un Çin prezidenti Xi Jinping-ə deyib ki, ABŞ prezidenti Donald Trump ilə ikinci sammitin keçirilməsini və Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi məsələsində “nəticə əldə olunmasını” istəyir.

Kim-in dediklərini yanvarın 10-da Çinin və Şimali Koreyanın dövlət mediası yayıb. Dünən – yanvarın 9-da onun xüsusi qatarıyla Pekinə ikigünlük səfərdən döndüyü xəbəri yayılıb.

Bu, Kim-in son 10 ayda Çinə dördüncü səfəridir. Çin Pxenyan hökumətinin azsaylı qlobal müttəfiqlərindən biridir.

Kim deyib ki, ölkəsi Trump-la potensial ikinci sammitdə “beynəlxalq ictimaiyyətin alqışlayacağı nəticələrin əldə olunması”ndan ötrü cəhdlər edəcək. Hələlik, iki liderin görüşünün tarixi müəyyənləşməyib.

Xi isə deyib ki, Pekin Şimali Koreya liderinin Trump-la ikinci sammit keçirməsini dəstəkləyir.

Vaşinqton və Pxenyanın nüvə tərksilahı və beynəlxalq sanksiyaların qaldırılması üzrə danışıqları dalana dirənib.

Kim-lə Trump iyunun 12-də Sinqapurda görüşüblər. O zaman Koreya yarımadasının “nüvə silahlarından tamamilə təmizlənməsi” kimi bir hədəf açıqlanıb, amma onun nə zaman, necə baş verəcəyi bildirilməyib.