Tofiq Yaqublu: 'Aclıq aksiyası davam edir'

Aclıq aksiyası. 7 yanvar 2019

«Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» tələbi ilə başlandığı açıqlanan aclıq aksiyasının Müsavat Partiyasının qərargahında davam etdirildiyi bildirilir.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyası Divanının üzvü Tofiq Yaqublu məlumat verib. Onun sözlərinə görə, aksiyanın iştirakçıları Yaşar Ferazi və Tofiq Məmmədov (hər ikisi AXCP üzvüdür-r) aclığı dayandırıblar: «Tofiq Məmmədov yanvarın 2-dən aksiyaya başlamışdı. T.Məmmədov Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin yanvarın 9-da təkidlərindən sonra aksiyanı dayandırdı. Yaşar Ferazi isə aksiyaya yanvarın 6-dan başlamışdı. Bu gün həkim müayinəsindən keçdi. Orqanizmində problem yarana bilərdi, aksiyanı dayandırmağa razı sala bildik. Amma əvəzində yeni gələn var».

T.Yaqublu deyib ki, hazırda aclığı ondan başqa daha 5 nəfər də davam etdirir: «Bunlar aclıq aksiyasına yanvarın 6-dan başlamış Elşad İsrafilli, Fuad Rəhimli, Mübariz Fətullayev, Rövşən Niftalızadə və aksiyaya bu gün, yanvarın 10-da qoşulan Natiq İsrafildir».

Hələlik, bu aksiyaya Səhiyyə Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Xatırlatma

Bloqer Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atması iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı. Bloqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, M.Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır.

Yeni ittiham təsdiqlənərsə, ona əlavə olaraq 3 ildən 7 ilə kimi həbs verilə bilər. Bloqer ittihamı qurama sayır.