Yasamalda partlayış olan ərazidən xəbər var

Yanğın

«Bakının söküntülər gedən «Sovetski» adlı ərazisində və ona yaxın yerlərdə qaz, su, elektrik verilməsi dayandırılıb».

Bunu «Turan» agentliyinə sakinlər bildiriblər. Onların sözlərinə görə, artıq iki gündür ki, ərazidəki məktəbə (Avropa Liseyi-r) qaz və işıq verilmir. Sakinlər həmçinin vurğulayıblar ki, evlərin söküldüyü bu əraziyə verilən qaz və su tez-tez kəsilir.

Amma liseyin rəhbərliyi agentliyə açıqlamasında təhsil ocağı ilə bağlı deyilənləri təkzib edib. «İndi lisey normal şəraitdə fəaliyyət göstərir. Otaqlar istidir, təchizat 100 faizdir»,-deyə rəhbərlikdən bildiriblər.

Bununla belə, rəhbərlik vurğulayıb ki, yanvarın 9-da, ərazidə partlayış baş verən gün elektrik verilməsi birinci korpusda iki dərs müddəti ərzində bir saatlığa dayandırılıb. Rəhbərlikdən bildirildiyinə görə, onların müraciətindən sonra müvafiq xidmət qurumları elektrik təchizatını bərpa ediblər.

Yanvarın 9-u gecə Tolstoy küçəsi-40 ünvanda yanğınla nəticələnən partlayış baş verib, Üç nəfər, bir ailə üzvləri həlak olub. İlkin məlumatlara görə, partlayışa qaz sızması səbəb olub.