Keçmiş nasist düşərgəsi nəzarətçisi vəfat edib

Jakiw Palij-in viza fotosu, 1949-cu il

Birləşmiş Ştatlarda nasistlərlə əməkdaşlıq etdiyi güman olunan sonuncu şəxs dünyasını dəyişib. Bu haqda Almaniya mediası yazır.

Frankfurter Allgemeine ZeitungWestfaelische Nachrichten Almaniya rəsmilərinə istinadla xəbər verirlər ki, Jakiw Palij yanvarın 9-da Almaniyanın Ahlen şəhərində qocalar evində vəfat edib.

O, 95 yaşında ölüb. Ölüm səbəbləri açıqlanmır.

Palij keçmiş nasist konsentrasiya düşərgəsində nəzarətçi işləyib. O, Nyu Yorkda on illər boyunca yaşayıb. Keçmişi üzə çıxınca 2018-ci ildə Almaniyaya deportasiya olunub.

Ədliyyə Departamenti rəsmiləri onun nasistlərin işğal etdiyi Polşada Trawniki ölüm düşərgəsində işlədiyini deyirlər.

Etnik ukraynalı olan Palij 1949-cu ildə Birləşmiş Ştatlara köçüb, 1957-ci ildə vətəndaşlıq alıb.

Onun keçmişi 2003-cü ildə üzə çıxıb, vətəndaşlığı alınıb və 2005-ci ildə deportasiyası barədə qərar çıxarılıb. Ancaq deportasiya illərlə çəkib, çünki nə Polşa, nə də Ukrayna onu qəbul etməyə razılaşıb.

Ötən il Almaniya hökuməti onu qəbul etməyə razılıq verib.