Prezidentin sədrliyi ilə iclas keçirilib

Nazirlər Kabinetinin iclası

Bu gün, yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

AZƏRTAC-ın xəbərinə görə, iclasda prezident İ.Əliyev deyib ki, 2018-ci il Azərbaycandan ötrü uğurlu olub. Prezidentin vurğulamasına görə, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycan hərtərəfli və dinamik inkişaf edib.

İ.Əliyev qeyd edib ki, ötən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı üçüncü beşillik proqram başa çatıb, bu il dördüncü proqram qəbul olunacaq.

Prezident Dağlıq Qarabağ münaqişəsindən də danışıb. O vurğulayıb ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq.

İ.Əliyev habelə 2018-ci ili dərin islahatlar dövrü kimi xarakterizə edib. Prezident qeyd edib ki, ötən il ümumi daxili məhsul 1.4, sənaye istehsalı 1.5, kənd təsərrüfatı isə 4.6 faiz artıb. Onun vurğulamasına görə, valyuta ehtiyatları 45 milyard dollara çatıb, ölkədə 118 min daimi iş yeri yaradılıb.

Sonra maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 2018-ci ildə görülən işlər, qarşıda duran vəzifələrdən danışıb.

Yekun nitqində isə prezident İ.Əliyev bildirib ki, vergi və gömrük sahəsində aparılan islahatlar çox böyük əhəmiyyət daşıyır. Dövlət başçısı həmin sahələrdə şəffaflığın, dürüstlüyün təmin edildiyini, korrupsiyaya ilə güclü mübarizə aparıldığını iddia edib.

O, bu il də infrastruktur layihələrinin icra ediləcəyini, Qarabağ müharibəsində əlil olan insanların və hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçiriləcəyini söyləyib.