Pompeo Səudiyyə liderlərilə görüşüb

Mike Pompeo (solda) Mohammed bin Salman ilə görüşür

Səudiyyə Ərəbistanının liderləri tanınmış jurnalist Jamal Khashoggi-ni öldürənləri məsuliyyətə cəlb etməklə bağlı “öhdəliklərini bir daha dilə gətiriblər”. Bunu ABŞ Dövlət katibi Mike Pompeo ər-Riyadda deyib.

Səudiyyə Kralı Salman və krallığın de-fakto lideri vəliəhd şahzadə Muhammad bin Salman “bu məsuliyyətin gerçəkləşdirilməli olduğunu anlayırlar”, – Pompeo hər iki liderlə danışıqlardan sonra deyib.

***

ABŞ Dövlət katibi Mike Pompeo yanvarın 14-də Səudiyyə Ərəbistanının de-fakto lideri, vəliəhd şahzadə Mohammad Bin Salmanla görüşəcək, jurnalist Jamal Khashoggi-nin qətli üzrə istintaqın gedişini müzakirə edəcək.

Khashoggi oktyabrın 2-də Səudiyyənin İstanbuldakı konsulluğunda qətlə yetirilib və Mərkəzi Kəşfiyyat İdarəsi buna görə Şahzadə Mohammad-ı günahlandırıb.

Səudiyyə rəsmiləri Mohammad-ın Khashoggi-nin qətlini sifariş etmədiyini deyirlər. Jurnalist vəliəhd şahzadənin tənqidçisi idi.

Pompeo yanvarın 13-də ər-Riyada çatıb, Səudiyyə rəsmiləri ilə görüşüb.

“Dövlət katibi Səudiyyə Ərəbistanının Jamal Khashoggi-nin qətlinin istintaqının davam etdirməsinin, faktları müəyyənləşdirməsinin, informasiyanı dəyərləndirməsinin, cinayətkarların məsuliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb”, – Dövlət Departamenti bəyanatında vurğulayıb.

Pompeo ər-Riyada Dohadan gedib. O, Qətərlə sünni ərəb körfəz ölkələrinin diplomatik mübahisəsinin “çox uzandığını” deyib.

2017-ci ilin iyunundan Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Qətərlə diplomatik və nəqliyyat əlaqələrini kəsib, onu terrorçuluğu, şiə İranını dəstəkləməkdə suçlayıb. Doha isə ittihamları rədd edir.