33 yaşlı gəncin özünü yandırdığı deyilir

Səhiyyə Nazirliyi

Yanvarın 13-də intihara cəhd etdiyi deyilən 1985-ci il təvəllüdlü Tərlan İslamovun bədəninin 65 faiz hissəsi yanıb.

Bu barədə Səhiyyə Nazirliyindən bildiriblər.

Nazirlikdən qeyd ediblər ki, hazırda onun vəziyyəti ağır olaraq qalır. T.İslamovun tənəffüs yollarının da yandığı bildirilir.

Nazirlikdən onu da vurğulayıblar ki, T.İslamov Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikası nəzdindəki Yanıq şöbəsinə yerləşdirilib: «Bədənin müxtəlif nahiyələri yanan həmin şəxs 3-cü dərəcəli yanıq diaqnozu ilə müalicəsini Reanimasiya şöbəsində davam etdirir və vəziyyəti ağırdır».

T.İslamovun Binəqədi rayonu Sulutəpə qəsəbəsindəki 40-cı Polis Bölməsi qarşısında üzərinə benzin tökməklə özünü yandırdığı deyilir.

Polis bölməsindən və Daxili İşlər Nazirliyindən isə, hələlik, bu deyilənlərə münasibət almaq mümkün olmayıb.