Rusiya ‘cəsarətli’ krımlı vəkilin kollegiyadan çıxarılmasını istəyir

Emil Kurbedinov

Human Rights Watch (HRW) insan haqları təşkilatı Rusiya hakimiyyətinin tanınmış krımlı vəkil Emil Kurbedinova təzyiqi artırdığını bildirir. Bu vəkil insan haqları təşkilatları və Qərb hökumətlərinin siyasi motivli saydığı bir sıra işlərdə təmsilçilik edib.

Rusiyanın Ədliyyə Nazirliyi Kurbedinova və Krım Vəkillər Kollegiyasına məktublar göndərərək vəkilin martın 1-dək qurumdan çıxarılmasını istəyib. Onun “ekstremist fəaliyyət” göstərdiyi iddia olunur.

Nyu Yorkda mənzillənən HRW yanvarın 14-də bu haqda bəyanat yayıb.

Məktubların məqsədi vəkillər kollegiyasının yaradıcılarından olan Kurbedinovu qısnamaq və qorxutmaqdır, qurumun araşdırmaçısı Yulia Gorbunova bəyanatında deyib.

Yulia Gorbunova

Bu gün Krımda işləməyə cəsarət tapan az sayda vəkil var”, – Gorbunova deyib. Onun sözlərinə görə, Ədliyyə Nazirliyinin məktubları “Rusiya hakimiyyətinin kursu belə saxlayacağını yada salır”.

Kurbedinov ötən ay həbsdən buraxılıb. O, ekstremist təşkilatının simvollarının təbliğində, ictimai şəkildə sərgilənməsində suçlanaraq beşgünlük həbsə məhkum edilib.

İttihamların 2013-cü ildə Facebook-da yerləşdirilmiş bir postla əlaqəli olduğu bildirilsə də, həmin postun məğzi açıqlanmayıb. O zaman Rusiya hələ Ukraynanın Krım vilayətini ilhaq etməmişdi.

Kurbedinov ittihamları “absurd”, özünə “təzyiq” adlandırıb.

Rusiya 2014-cü ildə Krımı ilhaq edəndən Moskva bu ilhaqa qarşı çıxan krımlıları davamlı təqib edib.

Kurbedinov bu siyasi işlərdə aparıcı vəkildir və hakimiyyətin onu təqib etməsi təəccüb doğurmur”, – Gorbunova deyib.