Bu gün, yanvarın 14-də quş qripi ilə bağlı monitorinq başlayıb.
Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti (DBX) məlumat yayıb.
«Milli qoruq və parklarda, quşçuluq təsərrüfatlarında aparılan monitorinqə bu gün (yanvarın 144-də) başlanıb. Monitorinq Dövlət Baytarlıq Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarının iştirakı ilə keçirilir», - DBX bildirir.
Verilən məlumata görə, artıq Dövlət Baytarlıq Xidmətinin əməkdaşları Pirallahı adasındakı Abşeron Milli Parkından 8 baş seçmə üsulla ovlanmış köçəri quşlardan patoloji material, Abşeron rayonundakı şəxsi və quşçuluq təsərrüfatlarında saxlanılan 50 baş ev quşundan qan nümunələri götürüblər: «Köçəri quşlar üzrə monitorinq aparılan ərazidə xəstə və xəstəlikdən tələf olan quşlara təsadüf edilməyib. Eləcə də, təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu infeksion xəstəliyə rast gəlinməyib. Götürülmüş materiallar Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq».
Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda quş qripi və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir.
Xatırlatma
Quş qripi klassik quş vəbası — quşların kəskin infeksiyalı virus xəstəliyidir. Qədim dövrlərdən yayılıb. İnsanların quş qripinə yoluxmasının ilk təsdiqlənmiş halları 1997-ci ildə Honkonqda baş verib. 2006-cı ildə Azərbaycanda da 8 adamın bu H5N1 virusuna yoluxduğu açıqlanıb. Onların arasında ölüm halları da olub.