Siqaretlə mübarizədə qiymət söhbəti

Siqaret qadağası

«Azərbaycanda təxminən 1.3 milyon insan tütündən istifadə edir. Siqaret çəkən insanların yarısı 70 yaşına çatmadan dünyalarını dəyişirlər».

Bunu yanvarın 16-da tütündən istifadənin zərərləri ilə bağlı layihənin təqdimatında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ofisinin rəhbəri Fatoş Hande Harmancı deyib. Onun sözlərinə görə, bu səbəb üzündən tütündən istifadə ilə mübarizə aparılmalıdır.

F.Harmancının vurğulamasına görə, tütündən istifadə hazırda bütün dünyada ciddi problemdir.

Azərbaycanda siqaretlərin qiymətinin ucuz olduğunu deyən ofis rəhbəri siqaret çəkilməsinin qarşısını almaqdan ötrü bu sahədə bahalaşmanın vacibliyini vurğulayıb.

F.Harmancı daha bir çıxış yolu kimi tütün məmulatlarının reklamını azaltmağı, mağazalarda siqaretin açıq yox, qapalı şəkildə satılmasını vacib sayıb.

Xatırlatma

Azərbaycanda son illər siqaretlə mübarizədə cərimələr də artırılıb. Ancaq bəzi ekspertlər də vurğulayırlar ki, Azərbaycanda siqaretlərin ucuzluğu heç də təsadüfü deyil. Onların fikrincə, Azərbaycanda satılan siqaretlərin çoxu keyfiyyətsizdir. Xüsusilə də 2015-ci ildə baş verən devalvasiyalardan (manat iki dəfə dollar qarşısında dəyər itirdi) sonra daha keyfiyyətsiz siqaretlərin satışa çıxarıldığı iddia edilir.