DGK yenə daxili orqanda narkotik aşkarlayıb

Heroin

Dövlət Gömrük Komitəsi ( DGK) yenə vətəndaşın daxili orqanında narkotik aşkarlanması ilə bağlı məlumat yayıb.

Qurum bildirir ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında idarənin Biləsuvar gömrük postunda İran İslam Respublikasından gələn Azərbaycan vətəndaşı saxlanıb.

«Saxlanılan şəxs şifahi sorğu sual zamanı üzərində qadağan olunmuş hər hansı predmetin, o cümlədən narkotik vasitə, yaxud psixotrop maddənin olmadığını bildirib. Lakin hərəkətləri şübhə yaratdığından Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılan vətəndaşın daxili orqanı - düzbağırsağında 3 büküm aşkarlanıb. Bükümlərdən birində qablaşdırması ilə birlikdə çəkisi 200 qram olan, açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, digər iki bükümdə isə qablaşdırması ilə birgə çəkisi 104 qram olan ağ, xırda kristal halda psixotrop maddə - metamfetam olub», - DGK vurğulayır.

Saxlanan şəxsin adı çəkilmir. Onun ittihama münasibəti açıqlanmayıb.

Xatırlama

DGK dünən, yanvarın 16-da da oxşar məlumat yaymışdı. Həmin məlumatda isə İrandan gələn başqa bir Azərbaycan vətəndaşının Astara Rayon Mərkəzi Xəstəxanasında daxili orqanında narkotik və psixotrop maddə aşkarlandığını açıqlamışdı. Qurum bundan əvvəl də ara-sıra Azərbaycana İrandan gələn bir sıra yerli və xarici vətəndaşın daxili orqanında narkotik aşkarlandığı ilə bağlı məlumatlar yayıb.