40 ağac aşıb

Foto arxiv

Yanvarın 16-dan 17-nə keçən gecədən başlayan və 18-i səhər də davam etməkdə olan küləyin Bakıda bir sıra fəsadlar törətdiyi bildirilir.

Şəhərin müxtəlif yerlərində 40-a yaxın ağac aşıb və bir neçə ağacın budağı sınıb.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat veriblər.

Birlikdən deyiblər ki, onlar aşan ağacların təmizlənməsi işlərinə başlayıblar.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, Bakıda müşahidə edilən güclü külək Qaradağ rayonunda fəsadlara yol açıb: ««Binə» Ticarət Mərkəzində reklam lövhəsi yaxınlıqdan keçən ortayaşlı kişinin üstünə aşıb. Həmin şəxs bud sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib».

Xatırlatma

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirib ki, yanvarın 18-i günorta saatlarında külək mülayimləşməlidir. Hava şəraiti ilə bağlı Azərbaycan məktəblərində yanvarın 17-i və 18-də dərslər dayandırılıb.