Trump-la bağlı araşdırmalar nə yerdədir

Ağ evin qarşısında etiraz aksiyası

“The Associated Press” agentliyi ABŞ Prezidenti Donald Trump-la bağlı təhqiqatların nə yerdə olmasını araşdırıb.

Hazırda prezidentlə bağlı Vaşinqton və Nyu Yorkda təhqiqatlar gedir. Xüsusi prokuror Robert Mueller Trump-ın seçki kampaniyasının Rusiyayla mümkün əlbirliyini və prezidentin bu təhqiqatı əngəlləyib-əngəlləməməsini araşdırır.

Nyu Yorkdakı cinayət işində isə prokurorlar Trump-ın şəxsi vəkili Michael Cohen vasitəsilə iki qadına qanunsuz olaraq pul ödəyərək seçki kampaniyası zamanı potensial seks qalmaqalını önlədiyini deyirlər.

Hazırda Vaşinqtonda federal hakim böyük jürinin xüsusi prokurorun təhqiqatına dair dinləməsinin vaxtını uzadıb. Böyük jüri 2017-ci ilin iyulunda 18 aylığa təyin olunub və müddəti bu günlərdə bitirdi. Federal məhkəmə isə müddəti daha altı aylığa uzadıb, bunun “ictimaiyyətin marağında” olmasını əsas gətirib.

William Barr

DƏLİLLƏR

Bu arada Trump-ın baş prokurorluğa namizədi ətrafında da qalmaqal yaranıb. William Barr ötən il Ədliyyə Departamentinə məktubunda Mueller-in istintaqının bəzi hissələrinin “yanlış aparıldığını” yazmışdı. Bu 20 səhifəlik memonu Barr aylar öncə göndərib, amma onun baş prokuror kimi xüsusi prokurorun istintaqına necə nəzarət edəcəyi ətrafında suallar yaradır.

Trump-ın seçki kampaniyasının Rusiyayla mümkün əlbirliyinə gəlincə, agentlik buna aydın dəlil olmadığını yazır. İndiyədək bəlli olan Trump-ın köməkçilərindən bir neçəsinin 2016-cı il seçki kampaniyası zamanı Rusiyayla əlaqə yaratmasıdır, üstəgəl, bir neçəsi bu kommunikasiya barədə yalan danışıb.

Bir dəlil də odur ki, prezidentin ətrafından bəziləri WikiLeaks-in demokratların elektron yazışmalarını yaymasından öncə mümkün email sızmasını müzakirə edib. Amerikanın kəşfiyyat agentlikləri və Mueller WikiLeaks-in yaydığı materialın Rusiyadan qaynaqlandığını bildirirlər. Həmin sızmanın demokratların namizədi Hillary Clinton-un prezident seçilmək şanslarına ziyan vurduğu iddia olunur.

Bəs prezident istintaqın gedişini əngəlləməyə çalışıbmı. Bu, Mueller-in araşdırdığı daha bir məsələdir. Təhqiqatçıların əlindəki faktlar Trump-ın James Comey-i FTB direktorluğundan uzaqlaşdırması, keçmiş baş prokuror Jeff Sessions-un sözügedən təhqiqatdan yaxasını kənara çəkməsinin prezidentdə oyatdığı qəzəbdir.

Donald Trump isə Mueller-in istintaqını dəfələrlə “əcinnə ovu” adlandırıb, Rusiyayla “ƏLBİRLİYƏ GETDMƏDİYİNİ” deyib. O, artıq keçmiş vəkili Cohen-in Nyu Yorkda daha yüngül cəza almaqdan ötrü yalan danışdığını iddia edir.