Avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Şəhidlər Xiyabanı

20 Yanvar hadisələrinin növbəti ildönümü ilə bağlı paytaxt Bakının bəzi prospekt və küçələrində avtomobillərin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

Bunu Bakı Şəhər Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. Onun sözlərinə görə, Şəhidlər Xiyabanına ziyarətin rahat, fasiləsiz və təhlükəsiz təmin olunması məqsədilə yanvarın 20-si saat 08:00-dan mərasim qurtarana kimi Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq.

Şöbə rəisi bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə olunmasını və ictimai nəqliyyatdan yararlanmağı tövsiyə edir.

Xatırlatma

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ Silahlı Qüvvələri Bakıya silahlı müdaxilə edib. Bu hadisələr nəticəsində 130-dan çox mülki şəxs həlak olub, 700-dən çox insan yaralanıb. 1000-dən çox şəxsin isə həbs edildiyi bildirilir. O vaxtdan hər il yanvarın 20-si Azərbaycanda faciə qurbanlarının anım mərasimləri keçirilir. Həmin hadisələrdə həlak olanlar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizlər kimi dəyərləndirilir. Yanvarın 20-də Bakıda və ölkənin bölgələrində həmin faciə zamanı həlak olan insanların məzarları kütləvi şəkildə ziyarət olunur.