«Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» tələbi ilə keçirildiyi açıqlanan aksiyanın davam etdiyi bildirilir.
Bir neçə fəal əvvəlcə öz evlərində aclıq aksiyasına başladıqlarını açıqlasalar da, onlar yanvarın 6-dan Müsavat Partiyasının qərargahında ayrılmış otağa yerləşiblər.
Araşdırmaçı jurnalist Xədicə İsmayıl deyib ki, hazırda aksiyada onunla birgə 5 nəfər iştirak edir:
«Bunlar Aygün Cəfərova, Zəfər Əhmədli (AXCP fəalı, məhbus Fuad Əhmədlinin atası), Rafiq Baxışov (AXCP fəalı, hazırda həbsdə olan Orxan Baxışlının atası) və “tək adam”lıq aksiyaları ilə tanınan Füzuli Hüseynovdur”.
R.Niftalizadə aksiyanı bu gün, yanvarın 10-da dayandırdığını açıqlayıb. F.Hüseynov isə aksiyaya qoşulduğunu bəyan edib.
Xədicə İsmayıl, R.Baxışov və Z.Əhmədli aksiyaya yanvarın 15-də qoşulduqlarını bildiriblər. Daha sonra isə A.Cəfərova onlara qoşulduğunu açıqlayıb.
X.İsmayıl bildirib ki, hələlik, aksiya iştirakçılarının səhhəti normaldır.
O vurğulayıb ki, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri, jurnalısitlər akisya iştirakçılarını ziyarət edirlər. Amma Bakıdakı beynəlxalq qurumlar və səfirliklərin təmsilçiləri onlara baş çəkməyib.
O, habelə vurğulayıb ki, bu gün, yanvarın 19-da 25 saylı poliklinikadan 2 həkim cəlib, onlara baş çəkib.
Hələlik, bu aksiyaya rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.
Üstəlik, son günlər cəzaçəkmə müəssisələrində siyasi məhbus sayılan fəallardan bəzilərinin də M.Hüseynovun müdafiəsi ilə bağlı aclığa başladıqları açıqlanıb. Hərçənd, Penitensiar Xidmətin rəsmiləri bunu təsdiqləməyiblər. Onlar deyirlər ki, indi cəzaçəkmə müəssisələri və təcridxanada heç kim aclıq aksiyası keçirmir.
Xatırlatma
Bloqer M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.
Bloqerin həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib. Rəsmi məlumata görə, M.Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bloqer ittihamı qurama sayır.