WADA rəhbəri Rusiyanın cərimələnməməsini müdafiə edir

Olivier Niggli

Ümumdünya Antidopinq Agentliyi (WADA) Rusiyanın Antidopinq Agentliyinə (RUSADA) yeni cərimələr tətbiq etməmək qərarına gəlib. Cərimələr Rusiya agentliyinin müvafiq informasiyanı verməsini yubatmasına görə qoyulmalıydı. Söhbət Rusiya idmançılarının dövlətin himayəsi altında dopinqdən istifadəsinə dair iddiaların təhqiqatı üçün gərəkən informasiyadan gedir.

WADA-nın baş katibi Olivier Niggli isə qurumun qərarını müdafiə edib. O, yanvarın 22-də keçirilən toplantıda deyib ki, RUSADA-ya qarşı əlavə tədbirlər görülməyəcək.

Rusiyanın sözügedən informasiyanı vaxtında verməməsi bəzi atletlərin, dünyanın antidopinq qurumlarının tənqidinə səbəb olmuşdu.

Niggli isə tənqidlərə cavab olaraq deyib ki, RUSADA dəyişir.

“Dekabrda RUSADA-nın auditini apardıq, hər şey yaxşı getdi, bundan çox yaxşı çıxdılar”, – Niggli söyləyib.

WADA-nın 22 yanvar qərarından öncə RUSADA-nın baş katibi Yury Ganus agentliyin İcraiyyə Komitəsinə yazaraq onlardan iltifat istəmişdi.