Prezident: 'Tapşırılıb ki, islahatlar ixtisarlara gətirib çıxarmasın'

İ.Əliyev

«Hazırda Kənd Təsərrüfatı Nazirliyində və digər dövlət qurumlarında struktur islahatları aparılır. Bu islahatların bir məqsədi var ki, biz işimizi daha da yüksək səviyyədə quraq. Onu da bildirməliyəm ki, mövcud strukturlarda, ixtisar olunan strukturlarda çalışan vətəndaşlar işlə təmin olunacaqlar».

Bunu bu gün, yanvarın 24-də prezident İlham Əliyev Pirşağı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinin əsaslı şəkildə yenidən qurulan Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun və «Kartof və tərəvəz toxumları istehsalı» kompleksinin açılışında deyib.

O əlavə edib ki, kənd təsərrüfatında heç bir ixtisar gözlənilmir. «Digər strukturlara da tapşırılıb ki, islahatlar ixtisarlara gətirib çıxarmasın. Yəni, o müəssisələrdə, o xidmətlərdə, agentliklərdə çalışan vətəndaşlar bilsinlər ki, onların məşğulluğu daim diqqət mərkəzindədir», - deyə prezident vurğulayıb.

Xatırlatma

Prezident İ.Əliyev son günlər bir sıra dövlət müəssisələri əsasında vahid bir qurumun yaradılması, bəzilərinin isə ləğv edilməsi ilə bağlı fərmanlar verib.

Hökumət bu fərmanları struktur islahatı kimi təqdim edir. Müxalifətin fikrincə, isə indi idarəetmə sistemində islahat yox, ixtisar aparılır. Onlar bununla ölkədə işsizlərin artacağını düşünürlər.