Avropa Məhkəməsinə daha bir məktub yetişməyib

Poçt qutusu

Keçmiş məhbus Asif Lətifovun 5 il öncə Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) göndərdiyi məktubun itdiyi bildirilir.

Bunu A.Lətifovun vəkili Elçin Sadıqov deyib. Onun sözlərinə görə, şikayət məktubu 2014-cü ilin sentyabrında göndərilib.

E.Sadıqov şikayət məktubunun ünvana çatmaması səbəbinin ona aydın olmadığını söyləyib.

Vəkil bildirir ki, A.Lətifovun 2014-cü ilin sentyabrında Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyi məktubun ünvana çatmaması barədə 2018-ci ilin noyabrında məktub alıb.

A.Lətifov 17 il Xüsusi Dövlət Mühafizə Xidmətinin «Beta» dəstəsinin sabiq mühafizə zabiti olub, baş leytenant rütbəsində xidmət edib. Xidmətdə nöqsanların olması haqqında mətbuat konfransında açıqlama verib. Sonra onun özü haqqında cinayət işi açılıb.

A.Lətifova 2012-ci il avqustun 29-da Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah-sursat saxlama) və 232.2.3 (səlahiyyət həddini aşma) maddələri ilə ittiham irəli sürülüb. 2013-cü ilin yanvarında Bakı Hərbi Məhkəməsi A.Lətifovun 5 il 6 ay azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. 2014-cü ilin aprelində Ali Məhkəmə onun cəza müddətini bir il azaldıb.

Beynəlxalq təşkilatların onu vicdan məhbusu kimi tanıdığı bildirilir.

Xatırlatma

Bundan öncə bir neçə vəkil və hüquqşünaslar, o cümlədən Nemət Kərimli, Əsabəli Mustafayev, Yalçın İmanov da eyni problemlə üzləşdiklərini açıqlayıblar. Gənc fəal Bayram Məmmədov, müxalif siyasətçi Fuad Qəhrəmanlı, «Azadlıq» qəzetinin əməkdaşı Seymur Həzi və başqa məhbusların işi üzrə AİHM-ə göndərilən şikayət ərizələri gedib çatmayıb. Sonradan onlarla bağlı şikayətlər yenidən göndərilib.

Hüquqşünaslar belə halların qəsdən baş verdiyindən şübhələniblər və bundan əvvəl baş verən bəzi hallarda «Azərpoçt» MMC-ni günahlandırıblar.

«Azərpoçt» MMC-dən onda AzadlıqRadiosuna məktubların bəzən ünvanına gedib çatmadığını təsdiqləsələr də, bildirilib ki, belə hallar istənilən ölkədə baş verir: «Bağlama da itə bilər, məktub da itə bilər. Bu hal Amerikada da olur, Fransada da olur. Görünməmiş iş deyil».