Müxalifətin yanvarın 26-na təyin etdiyi aksiyaya icazə verilməməsinin səbəbləri, siyasi, iqtisadi vəziyyət, ölkənin ətə olan tələbatında idxalın payı və başqa məsələlər medianın aparıcı mövzularındandır...
Mitinqə icazə verilməməsinin səbəbləri...
Azadliq.info saytında «Müxalifətin 26 yanvar mitinqinə niyə razılıq verilmədi?» sərlövhəli yazı oxumaq olar.
Müəllif Milli Şuranın 19 yanvar mitinqi və bundan sonra iqtidarın davranışını qiymətləndirməyə çalışır.
Yazıda vurğulanmasına görə, bütün əngəllərə baxmayaraq, 19 yanvar mitinqində müşahidə edilən kütləvilik və coşqu hakimiyyət orqanlarında ciddi narahatlıq doğurub. Müəllif hesab edir ki, hakimiyyət həbsdə olan bloqer Mehman Hüseynov barəsində cinayət işini meydandakı etirazın gözlənilməz nəticəsi və başqa amilləri nəzərə almaqla ləğv edib.
Yazıda habelə iddia edilib ki, hakimiyyət mitinqdə iştirak edən şəxslərə və təşkilatçılara qarşı ölkə boyu basqı həyata keçirməklə bir tərəfdən geriyə addım atmadığı qənaəti yaratmaq istəyir, başqa tərəfdən də cəmiyyətdə yüksələn fəallığı zəiflədəcəyini zənn edir.
Yazı müəllifi yanvarın 26-na təyin edilən mitinqə icazə verilməməsinə dair düşüncələrini də ortaya qoyur: «İqtidar dilemma qarşısında qalmışdı. Prosesləri siyasi vasitələrlə idarə etməyi bacarmayan hökumət yalnız zor aparatının təsirlərinə ümid edirdi. Son anda aydın oldu ki, 26 yanvar mitinqi də kütləvi alınsa, o zaman hakimiyyətin əlində heç bir təsirli riçaq qalmayacaq və qarşısıalınmaz proseslər başlayacaq. Deməli, yeganə yol mitinqə razılıq verməmək oldu».
Müəllif hesab edir ki, bu mərhələdə müxalifəti siyasi baxımdan zəiflətməkdən ötrü iqtidarın çoxsaylı mürəkkəb gedişləri istisna deyil. Yazıda vurğulanır ki, süni idarə edilən radikallıqla müxalifəti yeni müstəviyə çəkmək istiqamətində planlı çalışmalar nəzərə çarpır.
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) isə Milli Şuranın mitinq keçirmək istəyinə müsbət cavab verməməsini şəhər polisinin ona müraciəti ilə əsaslandırıb. Həmin müraciətə əsasən, mitinqdən sonra ictimai təhlükəsizlik əleyhinə əməllər törətməklə aksiyanın keçirildiyi məkanın yaxınlığında insanların dincliyi, nəqliyyatın və müəssisələrin normal fəaliyyəti pozulub.
«Öz mövcudluğunu göstərmək»
«Azərbaycan» qəzetində dərc edilən «Azərbaycan cəmiyyəti dağıdıcı müxalifəti qəbul etmir» sərlövhəli yazıda isə Azadliq.info saytında toxunulan mövzu tamam başqa kontekstdə dəyərləndirilir.
Bu yazıda müəllif hesab edir ki, hazırda aksiyaların keçirilməsinə hansısa səbəb yoxdur, seçki dönəmi də deyil, amma «dağıdıcı müxalifət» mitinq həvəsinə düşüb.
Müəllifə görə, küçələrə çıxmaq istəyən müxalifət bununla öz mövcudluğunu göstərməyə çalışır, həm də antiazərbaycançı şəbəkədən yeni «tapşırıqlar» alınıb: «Beləliklə, son mitinq Azərbaycanın siyasi səhnədən demək olar ki, silinmək üzrə olan küçə müxalifətinin antiazərbaycançı dairələr və onların sifarişlərini yerinə yetirən xaricdəki sapı özümüzdən olanların təşkil etdiyi ortaq tədbir idi».
Müəllif iddia edib ki, bu mitinq müxalifətın sosial bazasının yoxluğunu, zəifliyini, Azərbaycan cəmiyyətinin onları qəbul etməməsini göstərdi.
Yazının sonunda da oxuyuruq: «Bütün bunlar onu deməyə əsas verir ki, baş verən qanunsuz hərəkətlər müvafiq dövlət orqanları tərəfindən araşdırılmayınca və ona qiymət verilməyincə, dağıdıcı qrupların kütləvi aksiya təşkil etməsi imkanları məhdudlaşdırılmalıdır. Kim iddia edə bilər ki, bu kimi qabiliyyətsiz adamlar və onların ətrafındakılar hakimiyyətə alternativ ola və əzələ nümayiş etdirə bilərlər? Bu iddianı hətta dağıdıcı müxalifətin sayları minimuma enmiş üzvləri də gülüşlə qarşılayarlar».
Ətə tələbatda idxalın payı
«Yeni Müsavat» qəzetində «Ət tələbatımızın nə qədəri idxal hesabına təmin olunur» sərlövhəli yazı yer alır.
Müəllif əhalinin ət tələbatında idxalın rolunu və bunun səbəblərini iqtisadçı-ekspert Rövşən Ağayevlə müzakirə edib.
Yazıda vurğulanıb ki, son illərdə ölkədə əkinçiliyin genişləndirilməsi heyvandarlığı ciddi şəkildə məhdudlaşdırıb.
Müəllif ölkədəki heyvandarlıq təsərrüfatlarının kütləvi şəkildə sıxışdırılması nəticəsində xaricdən mal əti və diri heyvan idxalının xeyli artdığını söyləyir: «Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2016-cı ildə Azərbaycana müxtəlif ölkələrdən 38 milyon 622.41 min dollar dəyərində 33 min 591.14 ton ət gətirilibsə, 2017-ci ildə bu göstərici 40 min 101.81 tona (63 milyon 128.12 min dollar dəyərində), ötən il isə 47 min 399.29 tona (70 milyon 75 min dollar dəyərində) çatıb».
Yazıda qeyd edilib ki, ölkəyə diri heyvan idxalında da ciddi artım var.
Müəllifin vurğulanmasına görə, rəsmilər mövcud tendensiyanı etiraf etmir, ölkənin ətə tələbatının 90 faizinin daxili istehsal hesabına təmin edildiyini bildirirlər.
İqtisadçı-ekspert R.Ağayev isə «Yeni Müsavat»a şərhində ətə tələbatın 90 faizinin yerli istehsalla təmin olunmasını real saymır: «Milli statistikaya görə, bütün növ ətə olan daxili tələbat 360 min ton təşkil edir. Gömrük Komitəsi məlumat verir ki, 2017-ci ildə Azərbaycana 41 min tona, 2018-ci ildə 48 min tona yaxın ət idxal olunub. Bu rəqəmlərdən çıxış etsək, tələbatın 13 faizi qədər ət idxal olunduğu görünür. Bu məlumat «Comtrade» bazasının rəqəmi ilə üst-üstə düşür, Həmin mənbədə də ixracatçı ölkələrin hesabatına görə, 2017-ci ildə Azərbaycana 41 min ton ət ixrac edilib. Bu ixracın təxminən 60 faizi Ukraynanın payına düşüb».
R.Ağayev deyir ki, hökumət diri idxal olunan heyvanların ət istehlakının ödənilməsində iştirakını nəzərə almır: «Belə çıxır ki, diri heyvanlar ancaq damazlıq və südlük məqsədlə gətirilir. Amma idxal olunan heyvanların sayı kifayət qədər çoxdur və onların hansısa hissəsinin ətlik məqsədlə ölkəyə idxalına şübhə yoxdur...».