Cəmi 34 şəhərin baş planı var

Bakı

«Hazırda ölkəmizdə təsdiq olunmuş baş planları olan cəmi 34 şəhər var. Eyni zamanda, 2019-cu ildə daha bir neçə şəhərin baş planının Nazirlər Kabinetində təsdiqi gözlənir».

Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev bildirib. Komitənin bu gün, yanvarın 25-də yaydığı məlumata görə, o, 2018-ci ilin yekunlarına həsr olunmuş geniş tərkibli kollegiya iclasında çıxış edib.

Komitə sədrinin deməsinə görə, tenderin nəticələri 2019-cu ilin mart ayında elan olunacaq və Bakı şəhərinin baş planının hazırlanması ilə bağlı işlərin ikinci mərhələsinə keçiləcək.

S.Nuriyev deyib ki, 2018-ci ildə Sumqayıt şəhərinin baş planını Nazirlər Kabineti təsdiq edib, Tovuz və Quba şəhərlərinin isə baş planlarının hazırlanması yekunlaşdırılır. O habelə vurğulayıb ki, Biləsuvar şəhərinin baş planının işlənməsi isə artıq başa çatmaq üzrədir.

«Eyni zamanda, 2018-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə daha 6 şəhərin (Daşkəsən, Şabran, Tərtər, Saatlı, Sabirabad və Kürdəmir) baş plan layihələrinin hazırlanmasına start verilib»,-komitə sədri bildirib.

S.Nuriyev deyib ki, 2018-ci ildə Bakı şəhərinin 8, ölkənin isə 6 rayonunda şəhərsalma qanunvericiliyinin və normativ-hüquqi sənədlərin tələblərinin pozulması faktları aşkar edilib. O vurğulayıb ki, 21 fakt üzrə müvafiq məlumatlar Baş Prokurorluğa təqdim olunub. «Faktlar üzrə araşdırmalara başlanılıb, bir hissəsi üzrə cinayət işləri açılıb», - komitə sədri vurğulayıb.

Xatırlatma

Prezident İlham Əliyev ötən il iyunun 27-də Bakı şəhərinin baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Bu məqsədlə dövlət büdcəsindən 4 milyon manat ayrılıb.

Bakı şəhərinin baş planı bundan öncə də bir neçə dəfə gündəmdə olub. Sonuncu belə müzakirələr 2016-cı ilin sonunda baş verib. Dövlət Layihə İnstitutu «Bakı şəhərinin ərazisindən istifadə və zonalaşdırılması planı»nı (Baş plan) təqdim edib. O vaxt Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov bildirmişdi ki, layihənin gerçəkləşdirilməsi ilə əlaqədar Bakıda çoxsaylı bina söküləcək və köçürüləcək. Sonradan həmin planın qəbul olunmadığı açıqlandı.