Bu gün, yanvarın 25-də gənc fəal Rafael Hüseynzadə Azərbaycan Neft və Sənaye Universitetinin (ANSU) Azadlıq prospektində yerləşən binası önündə tək aksiya keçirib.
Gənc fəal siyasi məhbus sayılan şəxslərə azadlıq tələb edib.
«Hakimiyyət mitinq keçirməyə imkan vermir (Milli Şuranın yanvarın 26-da keçirmək istədiyi mitinqə şəhər rəhbərliyi razılıq verməyib). Ona görə də təkbaşına aksiya keçirməyə məcburam»,- R.Hüseynzadə bildirib.
Gənc fəal əlavə edib ki, əgər polis onu saxlamasa, hər gün aksiya keçirəcək.
R.Hüseynzadəni bir qədər sonra polislərin saxladığı bildirilir. Amma onun yerini, hələlik, müəyyən etmək mümkün olmayıb. Onun saxlanması ilə bağlı deyilənlərə və keçirdiyi aksiyaya rəsmi qurumlardan münasibət almaq cəhdləri nəticə verməyib.
Xatırlatma
Yanvarın 19-da müxalifət qüvvələri Bakıda mitinq keçirib. Aksiyada, əsasən, «Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq» şüarı səslənib. Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.
Bloqer M.Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşmişdi. Rəsmi məlumata görə, M.Hüseynov Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılırdı. Bloqer yenə ittihamla razılaşmırdı.
Yanvarın 22-də Baş Prokurorluq M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verildiyini açıqlayıb. Buna səbəb kimi isə bloqerin və bəzi hüquq müdafiəçilərinin prezidentə müraciət etmələri, dövlət başçısının da, öz növbəsində, bununla bağlı baş prokurora tövsiyə verməsi göstərilir.