Tretyakov qalereyasından oğurlanan əsər tapılıb

Arkhip Kuindzhi. Ai-Petri, Krım

Ən son məlumatlar yazının sonundadır

***

Rusiyalı rəssama məxsus, 20-ci əsrə aid dəyərli rəsm əsəri Moskvanın Tretyakov Dövlət Qalereyasından oğurlanıb. Polis və muzey rəsmiləri hadisənin sərgi zamanı baş verdiyini bildirir.

Yanvarın 27-də verilən məlumata görə, təhlükəsizlik kameraları oğruların 1908-ci ildə çəkilmiş “Ai Petri. Krım” əsərini divardan çıxararaq hadisə yerindən uzaqlaşdığını göstərir.

Əsəri əslən Yunanıstandan olan rusiyalı rəssam Arkhip Kuindzhi çəkib, Krım yarımadasında bir dağı təsvir edir.

Kuindzhi (1842-1910) mənzərə rəsmləri ilə tanınır. Onun 1881-ci ildə çəkdiyi “Birch Grove” 2008-ci ildə Sotheby's hərracında 3 milyon dollardan baha satılıb.

Sözügedən sərgidə Kuindzhi-nin 180-dən çox əsəri nümayiş etdirilir. 2017-ci il oktyabrın 6-da açılmış sərgi fevralın 17-də bağlanacaq.

Rusiyanın Interfax agentliyi muzeydəki mənbəyə istinadla yazır ki, “muzey işçisi hesab olunan bir kişi sakitcə əsərə yaxınlaşıb, onu çərçivədən çıxararaq gedib”.

“Muzey işçiləri və ziyarətçilər nə baş verdiyini başa düşməyiblər və axtarış bir neçə dəqiqə sonra başlanıb”, – xəbərdə vurğulanır.

Rusiyanın Mədəniyyət Nazirliyi bildirir ki, əsərin ölkədən çıxarılmasını önləməkdən ötrü təcili tədbirlər görülür.

Şübhəlinin saxlanması

Tretyakov Rusiyanın aparıcı incəsənət qalereyalarındandır, son illər dəfələrlə cinayətkarların hədəfinə çevrilib.

2017-ci ilin mayında, realist rəssam Ilya Repinin çəkdiyi 19-cu əsrə aid əsəri bir kişi dəmir qarmaqla zədələyib.

***

TASS dövlət xəbər agentliyi əsəri oğurlamaqda şübhəli bilinən şəxsin saxlandığını, əsərin müsadirə olunduğunu yazır.

Rusiya Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidməti yanvarın 28-də həmin şəxsin birgə əməliyyat zamanı saxlandığını, əsərin isə Moskva regionundan tapıldığını bildirib.

***

DİN əsərin Moskvada bir tikinti sahəsi yaxınlığında gizlədildiyini bildirir.

31 yaşlı şübhəli isə narkotik saxlama maddəsilə saxlanıbmış, dekabrdan zamində imiş.

Oğurlanmış əsərin 185 min dollar sığorta dəyərinin olduğu xəbər verilir.

DİN-in yaydığı videoda saxlanmış şübhəli oğurluqla heç bir əlaqəsi olmadığını, niyə saxlandığını heç bilmədiyini söyləyir.

“Mən cinayət törətmirəm, Rusiyanın qanuna əməl edən vətəndaşıyam. Mən Rusiya Federasiyasının konstitusiyasını, qanunlarını pozmuram”, – deyən kişi heç vaxt cinayət törətmədiyini də sözlərinə əlavə edir.

Polisin məlumatına görə, saxlananın əlbir olduğu şəxslərin olub-olmadığı araşdırılır.