SOCAR-ın ödəmələri artıb, amma...

SOCAR

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2018-ci ildə dövlət büdcəsinə 1 milyard 604 milyon 514 min manat vəsait ödəyib.

Bu qurumun bu gün, yanvarın 29-da yaydığı açıqlamada belə qeyd edilir.

Şirkətin büdcə ödənişləri əvvəlki ilə nisbətən 93 milyon 481 min manat, yəni 6.2 faiz artıb.

Bundan əlavə, SOCAR hesabat ilində Dövlət Sosial Müdafiə Fonduna 172 milyon 469 min manat vəsait ödəyib. Bu da 2017-cı ilin analoji dövrü ilə müqayisədə 10.6 faiz çoxdur.

Amma bəzi ekspertlər artımı yetərli saymır. Onlar sual edir: «2018-ci ildə Azərbaycan neftinin qiyməti 2017-ci ilə nisbətən 35 faiz baha olub. Hasilatda da ciddi azalma olmayıb. Bəs necə olur ki, büdcəyə ödənən vəsait cəmi 6.2 faiz artıb?».

Qazma, hasilat və ixrac göstəriciləri

SOCAR il ərzində 160 min metrdən artıq qazma işi həyata keçirib. Bu da əvvəlki ilin eyni göstəricisi ilə müqayisədə 16.6 faiz çoxdur.

Şirkətdən verilən məlumata görə, qaz hasilatı əvvəlki il ilə müqayisədə 7.2 faiz artıb

«Ölkə üzrə 38.8 milyon ton neft və 30.49 milyard kubmetr qaz hasil edilib», - açıqlamada yazılıb.

2018-ci ildə SOCAR-ın 23.88 milyon ton xam neft, 1.42 milyard kubmetr qaz ixrac etdiyi qeyd olunur. «Ötən il şirkət reallaşdırdığı təbii qazın 89 faizə yaxın hissəsini Azərbaycanın daxili tələbatına yönəldib, ölkədaxili tələbat tam təmin edilib», - açıqlamada yazılıb.

2018-ci ildə SOCAR üzrə hasilat 7.54 milyon ton neft (1.6 faiz çox), 6.53 milyard kubmetr qaz (7.2 faiz çox) təşkil edib: «Ümumiyyətlə, 2018-ci ildə respublika üzrə 38.81 milyon ton neft və 30.49 milyard kubmetr təbii qaz hasil olunub. Beləliklə, illik neft hasilatı nisbətən sabit qalıb, qaz hasilatı isə 6.6 faiz artıb».

Xatırlatma

SOCAR Azərbaycanın milli neft şirkətidir. Şirkət Azərbaycan prezidentinin 1992-ci ildə imzaladığı fərmanla yaradılıb. Məqsəd ölkənin neft sərvətlərindən istifadəni vahid dövlət siyasəti əsasında həyata keçirmək, neft sənayesinin idarəetmə strukturunu təkmilləşdirmək, yanacaq-enerji kompleksinin inkişafını təmin etmək olub.