Bir ton narkotik dövriyyədən çıxarılıb

S.Mehdiyev

2018-ci ildə gömrük orqanları 9672 hüquqpozma faktı aşkar edib.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev «Xalq qəzeti»ndə dərc edilən məqaləsində belə qeyd edib. Onun vurğulamasına görə, bu faktların 747-si cinayət xarakterli olub və həmin hallar üzrə tutulmuş malların dəyəri 9 milyon 450 min manatdan çox olub.

S.Mehdiyev bildirib ki, bu əməllərin törədilməsində şübhəli bilinən 797 nəfər (592 Azərbaycan vətəndaşı, 205 xarici) barəsində uyğun tədbirlər görülüb.

Komitə sədrinin qeyd etməsinə görə, 2018-ci ildə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkarlanıb: «Ümumilikdə 1 ton 193 kq 527 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb».

S.Mehdiyev 2018-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 291 nəfərin saxlandığını bildirib.

O, 2018-ci ildə büdcə köçürmələrinə də toxunub. Sədr yazıb ki, proqnoz ümumilikdə 3 milyard 190 milyon manat müəyyən olunsa da, komitə 3 milyard 434 milyon manat ödəniş edib.

Ötən il büdcə ödəmələrinin əvvəlki illərlə müqayisədə artdığı bildirilir.