Polis İran vətəndaşına vəsiqə verməkdə günahlandırılır

Polis

Ucar Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun baş inspektoru, polis kapitanı Şahin Əhmədov vəzifəsindən azad olunub və cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə Daxili İşlər Nazirliyindən bildiriblər.

İddiaya görə, Ş.Əhmədov xidməti vəzifəsindən sui-istifadə etməklə qanunvericiliyin tələbini kobud şəkildə pozmaqda günahlandırılır.

«Ş.Əhmədov bir neçə İran vətəndaşını Azərbaycan vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin etməkdə günahlandırılır. İran vətəndaşlarının bu sənədləri əldə etməkdə məqsədləri MDB və Azərbaycanla vizasız gediş-gəliş imkanı olan digər ölkələrə sərbəst çıxış qazanmaq istəkləri olub», - açıqlamada qeyd edilir.

Verilən məlumata görə, Ş.Əhmədov daxili işlər orqanlarında xidmətdən xaric olunmaqla, barəsində toplanmış materiallara hüquqi qiymət verilməsindən ötrü prokurorluğa göndərilib. Onun haqqında həbs-qətimkan tədbirinin seçildiyi deyilir.

Amma bu deyilənlərə, hələlik, nə Ş.Əhmədovun, nə də onun vəkilinin münasibətini almaq mümkün olub. Onun ittihama münasibəti açıqlanmır.