Ebru Gündeşi Bakıya gətirməyə görə 9 il 6 ay həbs tələbi

E.Gündeş

Əcnəbi, özəlliklə də türk müğənnilərin Bakıda konsertlərini təşkil edən «Velizade Production»ın rəhbəri Tural Vəlizadənin 9 il 6 ay azadlıqdan məhrum edilməsi istənilib. Yanvarın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Prokuror deyib ki, T.Vəlizadəyə CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə verilən ittiham məhkəmədə sübuta yetirilib.

Şirkət rəhbəri türk müğənnilər Sıla və Ebru Gündeşin Bakıda konsertlərini təşkil etmək adıyla dörd işadamından pul alıb onları aldatmaqda suçlanır.

Amma T.Vəlizadə ittihamla razılaşmır və özünü təqsirli bilmir. Deyir ki, yalandır, o, zərərçəkənlərdən pulu iş adıyla yox, borc olaraq alıb və qaytarmağa çalışır.

Zərərçəkənlər də onun dedikləri ilə razılaşmır. Məsələn, Rövşən Hacıyevi təkcə T.Vəlizadənin cəzalandırılması qane etmir, şirkətin əməkdaşı Əli Vəliyevin də cinayət məsuliyyətə cəlb olunmasını istəyir. Onun vəkili Babək Həmidov məhkəmədə bu barədə vəsatət qaldırıb: «Rövşən Hacıyevi Tural Vəlizadə ilə Əli Vəliyev tanış edib. Rövşən müəllimə türkiyəli müğənnilər Sıla və Ebru Gündeşin Bakıya konsert üçün gətirilməsi təklifini də Əli verib, ondan bu iş üçün ümumilikdə 140 min dollar pul alınıb. O, həmin pulu Turala verib. Tural isə deyir ki, Əli ona ümumilikdə 120 min dollar pul verib».

İttihama əsasən, zərərçəkənlərə dəymiş ziyanın ümumi məbləği təxminən 200 min dollardır.