Həbsdə olan jurnalist Əfqan Muxtarlı ədliyyə naziri Fikrət Məmmədovu cəzaçəkmə müəssisəsinə dəvət edib.
Bu barədə jurnalistin xanımı Leyla Mustafayeva bildirib. Onun sözlərinə görə, Ə.Muxtarlı həbsxanadan zəng edərək bu müraciətinin mediada yayılmasını istəyib.
Jurnalistin nazirə müraciətində saxlandığı 16 saylı Cəzaçəkmə Müəssisəsinin yeməkxanasında dustaqlara verilən yeməklərin keyfiyyətinə diqqət çəkilir: «Müdafiə nazirinin əsgərlərlə nahar etdiyi vaxtlar olub. F.Məmmədov da həbsxanaya gəlsin və dustaqlara verilən yeməyin keyfiyyəti ilə, həbsxanadakı sosial durumla maraqlansın».
Ə.Muxtarlı bildirib ki, həbsxana rəhbərliyi onun Ədliyyə Nazirliyinə yazdığı məktubları göndərməkdən imtina edir. Buna görə də, nazirə media vasitəsilə müraciət etməyə məcbur olub.
Penitensiar Xidmət nə deyir
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə Ə.Muxtarlının müraciəti ilə bağlı «Turan» agentliyinə belə cavab verib: «Məhbuslar üçün hazırlanan qida məhsulları daim nəzarət altındadır. Cəzaçəkmə müəssisəsində məhbusların sağlamlığına da ciddi nəzarət edilir».
Ancaq xidmətdən jurnalistin Ədliyyə Nazirliyinə yazdığı məktubların göndərilməməsi ilə bağlı şikayətinə münasibət öyrənmək mümkün olmayıb.
Xatırlatma
Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izni alıb. Ancaq ötən il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.
Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.
Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il həbs cəzası alıb.
Gürcüstan baş naziri və daxili işlər naziri Ə.Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib ediblər.