Bakı-Gəncə qatarında qiymət azaldılır

Sürət qatarı

Ötən il dekabrın 30-dan istifadəyə verilən Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarına gediş haqqı dəyişdirilir.

Bu barədə bu gün, yanvarın 31-də «Azərbaycan Dəmir Yolları» QSC məlumat yayıb.

Qurum yeni qərarı daha çox sərnişinlərin cəlb olunması və onların məmnunluğunu qazanmaq məqsədi ilə izah edir.

Dəyişikliklər fevralın 4-dən etibarən həyata keçiriləcək.

«Bu vaxta qədər günaşırı hərəkətdə olan Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarı fevralın 4-dən başlayaraq hər gün reysə çıxacaq. Yeni cədvələ uyğun olaraq, saat 8:45-də Bakıdan Gəncəyə və elə həmin gün saat 17:00-da Gəncədən Bakıya yola düşəcək. Qatarın yolda olma vaxtı isə azaldılaraq 4 saat 15 dəqiqə (indi 4 saat 28 dəqiqə göstərilir-r) təşkil edəcək. Gediş haqqı tariflərinə gəlincə, standart vaqonlarda qiymət 15 manatdan 10 manata endiriləcək. Birinci sinif (first class) və biznes vaqonlarda isə gediş haqqı dəyişilmədən saxlanılacaq», - QSC-nın açıqlamasında yazılıb.

Amma açıqlamada vurğulanmasına görə, standart vaqonlarda səhər yeməyinin və sərinləşdirici içkilərin pulsuz verilməsi dayandırılacaq: «Sərnişinlər istədikləri zaman qatarda yerləşən pullu avtomat köşklərdən istifadə edə bilərlər».

Xatırlatma

Bakı-Gəncə-Bakı sürət qatarı dekabrın 30-da işə düşüb. Bakı-Gəncə marşrutuna bilet qiymətləri 3 klass üzrə fərqlidir. Standart yerlərə bir biletin qiyməti 15 manat elan edilmişdi. «Biznes-klass»da bir bilet 50, «birinci-klass»da isə 100 manat təşkil edir.

Həmin vaxt qiymətlər və qatarların sürəti sosial şəbəkələrdə, mediada ciddi müzakirələrə səbəb olmuşdu. Bir çoxları qiyməti yüksək, sürəti isə az hesab edirdilər.