Pompeo ABŞ-ın Rusiya ilə INF müqaviləsindən çıxdığını elan edir

ABŞ dövlət katibi Mike Pompeo

ABŞ dövlət katibi Mike Pompeo bəyan edib ki, Birləşmiş Ştatlar fevralın 2-dən etibarən Ortamənzilli Raket Qüvvələri (INF) Müqaviləsi üzrə öhdəliklərini dayandırır.

Fevralın 1-də çıxış edən Pompeo deyib ki, Birləşmiş Ştatlar INF müqaviləsini altı ay ərzində tərk edəcəyi barədə rəsmi bildirişi Moskvaya təqdim edəcək.

Pompeo Vaşinqtonda müxbirlərə deyib ki, Birləşmiş Ştatlar Rusiya ilə silahlara nəzarətə dair danışıqlara açıq qalır.

O deyib ki, prezidnet Donald Trump təftişi və icbariliyi mümkün olan müqavilə istəyir.

Pompeonun bu bəyanatından bir neçə dəqiqə sonra NATO müttəfiqləri ABŞ-ın INF müqaviləsindən çıxmaq qərarını “tamamilə dəstəklədiklərinə” dair bəyanat veriblər.

ABŞ-ın bu adımı atacağı aylardır ki, gözlənilirdi və yanvarın 31-də Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov və ABŞ dövlət katibinin müavini Andrea Thompson arasında Pekində keçirilən “son bir cəhd” danışıqlarının uğursuzluğundan sonra qaçılmaz idi.

Vaşinqton və NATO Rusiyanı həm də SSC-8 kimi tanınan 9M729 qitələrarası raketini istehsal etməklə müqavilənin şərtlərini pozmaqda ittiham edirdi.

Moskva sözü gedən raketin INF müqaviləsini pozduğu barədə ittihamı qəbul etmir.

Rusiya xəbərdarlıq edib ki, Birləşmiş Ştatlar Avropada ortamənzilli raketlərin yerləşdirilməsinə başlasa, Moskva buna adekvat reaksiya verəcək.

***

Birləşmiş Ştatlar Soyuq Müharibə dövrünün silah sazişi çərçivəsində öhdəliklərini dayandırdığını elan edəcək. Bunun bu gün – fevralın 1-də açıqlanacağı gözlənir. Qeyd edək ki, ABŞ Rusiyanın həmin sazişlə bağlı öhdəliklərini yerinə yetirmədiyini deyir.

Vaşinqton Rusiya üçün fevralın 2-kə vaxt qoymuşdu ki, Ortamənzilli Nüvə Silahları Sazişinin (INF) tələblərinə əməl etsin. Konqresin əməkdaşı yanvarın 31-də AzadlıqRadiosu-na (RFE/RL) deyib ki, son tarixdən bir gün öncə Dövlət Departamentinin açıqlama yayacağı gözlənir.

Yanvarın 31-də çoxsaylı xəbər agentlikləri də belə bir açıqlamanın gözləndiyini yazıblar.

Dövlət katibi Mike Pompeo fevralın 1-də yerli vaxtla 8:30-da mətbuat konfransı keçirəcək, ancaq tədbirin mövzusu açıqlanmayıb.

Birləşmiş Ştatların belə bir addım atacağı aylardı gözlənirdi. Yanvarın 31-də Pekində ikitərəfli danışıqlarda razılaşma əldə olunmayınca lap qətiləşdi. Danışıqlar Rusiya xarici işlər nazirinin müavini Sergei Ryabkov və ABŞ Dövlət katibinin köməkçisi Andrea Thompson arasında keçirilmişdi.

Andrea Thompson (ortada) Pekində nüvə dövlətlərinin konfransında

“Təəssüf ki, heç bir irəliləyiş yoxdur”, – Ryabkov Thompson-la danışıqlardan sonra Rusiya xəbər agentliklərinə demişdi.

Thompson isə “Reuters”ə bildirmişdi ki, “rusiyalılar hələ də sazişi pozduqlarını boyunlarına almırlar”.

INF QALMAQALI

1987-ci ildə imzalanmış saziş Avropada və başqa yerlərdə silahlara nəzarətin əsas sütunu sayılır. Onun taleyi Moskvayla Vaşinqton arasında gərginlik mənbəyinə çevrilib.

ABŞ Prezidenti Ronald Reagan (sağda) və sovet lideri Mikhail Gorbachev sazişi imzalayarkən, 1987-ci il

INF sazişi 500-5 min 500 kilometri vura bilən qanadlı və ballistik raketlərin hazırlanmasını, sınaqdan keçirilməsini və yerləşdirilməsini qadağan edir. Vaşinqtonla NATO Rusiyanı 9M729 qanadlı raketi hazırlamaqla bu sazişi pozmaqda suçlayır.

Moskva isə həmin raketin sazişi pozmadığını deyir, əksinə, Birləşmiş Ştatları yeni silah yarışına başlamaqdan ötrü bu paktdan çıxmaq istəyində suçlayır.

Vaşinqton bildirib ki, Rusiya sazişə əməl etməsə, fevralın 2-dən sazişdən çıxmaq prosesinə start veriləcək.

ABŞ Prezidenti Donald Trump da Vaşinqtonun ikitərəfli sazişlə məhdudlaşdırıldığını deyir, amma Çin kimi nüvə silahlı ölkələrinin durumunun belə olmadığını əsas gətirir.

Bu ayın əvvəlində Rusiya və ABŞ diplomatlarının Cenevrə danışıqları nəticəsiz bitib.

Birləşmiş Ştatlar ilk dəfə 2014-cü ildə Moskvanın sazişi pozduğu açıq şəkildə bildirib. Bir neçə illik nəticəsiz danşıqlardan sonra sözügedən raketin adını çəkib, Rusiyanın artıq sınaq mərhələsini arxada qoyaraq raketi yerləşdirməyə başladığını bəyan edib.

Ötən ilin sonundan Vaşinqton NATO üzvlərini və digər müttəfiqlərini daha detallı, məxfi peyk məlumatı ilə təmin etməyə başlayıb, ittihamlarını əsaslandırmağa çalışıb.