'Bizim Yol' çap versiyasını dayandırır

Qəzetlər

««Bizim Yol» qəzeti çap versiyasını özü dayandırıb. Bu qərarı verməyimiz print-mediasının üzləşdiyi problemlərlə bağlıdır».

Bunu həmin qəzetin baş redaktoru Bahəddin Həziyev deyib. Onun sözlərinə görə, bu qərar çap mediasının dərin oxucu böhranı keçirməsi ilə əlaqəlidir: «Bu vəziyyətdə ən doğru qərar bu idi. Çünki çap vasitələrinin qiymətləri durmadan artır, qəzet bazarı isə yoxdur. Qəzet satışı getdikcə azalır, qəzet rentabelli deyil».

Baş redaktor hesab edir ki, sadəcə, qəzet xatirinə qəzet buraxmaq lazım deyil, bu, əlavə vaxt, enerji, maliyyə itkisi deməkdir. Onun fikrincə, «makulatura» çap etməyin mənası yoxdur.

B.Həziyev vurğulayıb ki, onlayn media daha effektiv trenddir və qəzetin internet versiyası kifayət qədər populyardır.

O, qəzetin çapını dayandırmasını onun bağlanması kimi dəyərləndirmir, imkan olduğu halda, çap versiyasını həftədə bir dəfə davam etməyi düşünür.

Təkcə «Bizim Yol»mu?

Amma bu mövzu bəzi media orqanları və sosial şəbəkələrdə bir qədər fərqli müzakirə edilir.

Həmin müzakirələrdə yer alan bəzi fikirlərə görə, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondu bir sıra qəzetlərə maliyyə yardımını dayandırır. Həmin qurum rəsmiləri bu barədə fikirlərini bildirməyiblər.

Amma Fond dünən, yanvarın 31-də 2019-cu ilin II rübü üzrə KİV layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.

Açıqlanan yeni tələblərə görə, bu müsabiqəyə ancaq 3 il gündəlik və 5 min tirajla çıxan, satışı 2 min nüsxədən az olmayan qəzetlər qatıla bilərlər.

Ekspertlərin fikrincə, bu tələblərə əvvəl yardım alan qəzetlərin yalnız bir hissəsi cavab verə bilər.

Xatırlatma

Fond sonuncu dəfə ötən il dekabrın 28-də 32 qəzetə 2019-cu ilin ilk rübü üzrə maliyyə yardımı ayırıb. Həmin qəzetlərin içində 20 min manat yardım alan «Bizim Yol» qəzeti də var idi.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondu 2009-cu ildə yaradılıb və əsas məqsədinin medianın inkişafına dəstək vermək olduğu bildirilir.

Amma bəzi ekspertlər də hesab edir ki, Fond qəzetləri hökumətdən asılı vəziyyətə salır. Həmin ekspertlərin fikrincə, qəzetlərə belə yardımnansa ölkədə iqtisadiyyatın inkişafı, rəqabət mühitinin yaradılması daha vacibdir. «Onda qəzetlər özləri-öz ayaqları üstündə durar», - ekspertlər vurğulayır.