Azərbaycanda uçot dərəcəsi endirilib

Azərbaycan Mərkəzi Bankı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 0.5 faiz azaldılması haqqında qərar verib. Bu, 9.75 faizdən 9.25 faizə endirilib

«Report» xəbər verir ki, bu barədə bu gün, fevralın 1-də AMB-nin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında məlumat verib. Qurumun rəhbərliyi ötən il dekabrın 26-da faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul etmişdi. Qərara əsasən, uçot dərəcəsi 9.75 faiz, faiz dəhlizinin yuxarı həddi 11.75, aşağı həddi isə 7.75 (±2 faizlik simmetrik diapazonda) səviyyəsində saxlanmışdı.

E.Rüstəmov: «Devalvasiya haqqında danışılanlar...»

«Azərbaycanda devalvasiya haqqında danışılanlar qeyri-ciddidir. Bütün proqnozlar makroiqtisadi sabitlik üzərində qurulub», - deyə AMB sədri Elman Rüstəmov mətbuat konfransında vurğulayıb. O sonra da əlavə edib:

«Ötən il Azərbaycanın tədiyyə balansı profisitli olub. Azərbaycan Dövlət Neft Fondunun aktivləri 3 mlrd. dollar artıb. Cari ildə makroiqtisadi sabitliyi təmin etmək üçün istənilən qədər resurs var. 2019-ci il makroiqtisadi vəziyyət baxımından 2018-ci ilə oxşayır. Bu il Azərbaycan valyuta bazarına 6.8 mlrd. dollarlıq transfert daxil olacaq. Neftin qiymətinin təsiri əhəmiyyətli dərəcədə məhdudlaşdırılıb. Əsas siyasət aşağı inflyasiya, dayanıqlı məzənnə ideologiyası üzərində qurulub».

Əmanətlərlə bağlı qanunun müddəti artırıla bilər

AMB sədri «Əmanətlərin tam sığortalanması haqqında» Qanunun müddətinin başa çatmasına da münasibət bildirib. O deyib ki, Azərbaycanda «Əmanətlərin tam sığortalanması haqqında» Qanunun qüvvədə olma müddəti artırıla bilər.

Sözügedən qanun bank əmanətlərinin 3 il müddətində tam sığortalanmasını nəzərdə tuturdu. Həmin müddət martın 1-də başa çatır.