Daha bir cəbhəçinin 25 sutka aldığı bildirilir

Polis

Bu gün, fevralın 5-də saxlanaraq Nizami Rayon Polis İdarəsinə aparıldığı deyilən Elnur Yusubovun hakim önünə çıxarıldığı açıqlanıb.

«O da İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsini pozmaqda təqsirli bilinərək 25 sutka həbs cəzası alıb», - AXCP-dən bildiriblər.

Məlumatı, hələlik, polis və məhkəmədən dəqiqləşdirmək cəhdləri nəticə verməyib.

Cəbhəçilərin yenə polisə aparıldığı deyilir

«Fevralın 4-də saxlanaraq Suraxanı rayon Polis İdarəsinə aparılan Amil Məmmədzadə 25 sutkalıq inzibati cəzaya məhkum edilib».

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) bildiriblər.

Partiyadan verilən məlumata görə, A.Məmmədzadə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmama) maddəsini pozmaqda təqsirli bilinib.

AXCP Qaradağ rayon şöbəsinin sədri Elnur Cabbarlıdan isə xəbər almadıqlarını vurğulayırlar. Dünən, fevralın 4-də onun saxlanaraq Abşeron Rayon Polis İdarəsində aparıldığı açıqlanmışdı.

Amma bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Üstəlik, AXCP-dən verilən məlumata görə, daha bir fəalları Elnur Yusubov bu gün, fevralın 5-də Nizami Rayon Polis İdarəsinə çağrılıb.

«O da polisdədir, hələlik, sərbəst buraxılmayıb. Əlavə məlumat ala bilməmişik», - partiyadan vurğulayıblar.

Amma bu məlumatı da sözügedən idarədən dəqiqləşdirmək mümkün olmayıb.

Xatırlatma

AXCP-dən verilən məlumata görə, təkcə bu ilin yanvar ayında 30-a yaxın siyasi fəal inzibati hüquq pozmalarında günahlandırılaraq 20-25 sutkalıq həbs cəzası alıblar. Bundan başqa, bu partiyanın 10-a yaxın fəalı son illər müxtəlif ittihamlarla mühakimə olunaraq uzunmüddətli həbs ediliblər. Partiya onların siyasi fəaliyyətləri ilə bağlı şərlənərək həbs olunduğunu bəyan edib. Amma rəsmilər ölkədə insanların siyasi baxış və fəaliyyətlərinə görə təqib olunduğu ilə bağlı iddiaları əsassız sayırlar.