Vaşinqtonda İŞİD-dən danışacaqlar

Brett McGurk

Dünyanın bir çox ölkələrindən diplomatlar və xarici işlər nazirləri Vaşinqtonda bir araya gələrək İslam Dövləti (İŞİD) yaraqlıları ilə mübarizəni götür-qoy edəcəklər.

Fevralın 6-da keçiriləcək toplantıya dövlət katibi Mike Pompeo ev sahibliyi edəcək. Bu görüşdən öncə Prezident Donald Trump ABŞ əsgərlərinin Suriyadan çıxarılmasıyla bağlı ziddiyyətli qərar verib.

ABŞ-ın müttəfiqləri bu qərarı tənqid edib, bunun Suriyada hakimiyyət boşluğu yaradacağından, İŞİD yaraqlılarının yenidən baş qaldıracağından narahatlıq bildiriblər.

Bugünkü toplantıya 79 üzvü olan İŞİD-i Məğlub etmək üzrə Qlobal Koalisiyanın rəsmiləri qatılacaq. Birləşmiş Ştatlar bu koalisiyanı 2014-cü ildə, silahlı qruplaşma Suriya və İraqda böyük əraziləri ələ keçirəndə yaradıb.

Görüşdən öncə ABŞ rəsmiləri deyib ki, toplantıda İŞİD-in “tutduğu ərazilərdə məğlub edilməsi” müzakirə olunacaq.

Trump dekabrda elan edib ki, Suriyadakı 2 min hərbçisini çıxaracaq və İŞİD artıq məğlub edilib. Bundan sonra ABŞ-ın koalisiyadakı təmsilçisi Brett McGurk bu qərara etiraz olaraq istefa verib, Suriyanın gələcəyi sarıdan qorxularını dilə gətirib.