Ötənilki Konqres seçkisinə xarici müdaxiləyə ‘sübut yoxdur’

ABŞ-da konqres seçkisi, 6 noyabr, 2018-ci il

Xarici oyunçular Birləşmiş Ştatlarda ötənilki konqres seçkilərinə ciddi təsir göstərməyib. Bunu ABŞ-ın hökumət agentlikləri bildirir. Bundan öncə səsvermədən qabaq haker hücumları cəhdləri barədə məlumatlar yayılmışdı.

Ədliyyə və Daxili Təhlükəsizlik departamentləri gəldikləri qənaəti fevralın 5-də yaydıqları birgə bəyanatda açıqlayıblar.

SEÇKİÖNCƏSİ XƏBƏRDARLIQ OLMUŞDU

Noyabr seçkisi zamanı “xarici hökumət, yaxud xarici agentin müəyyən fəaliyyətinin seçki infrastrukturu yaxud siyasət/kampaniya infrastrukturunun bütövlüyü və ya təhlükəsizliyinə ciddi təsir göstərməsinə sübut yoxdur”, bəyanatda deyilir.

İllüstrativ foto

Konqresə seçkilər öncəsi ABŞ rəsmiləri xarici oyunçuların manipulyasiya cəhdləri barədə xəbərdarlıq edirdilər. Prokurorlar hətta bir rusiyalıya Kremlin dəstəyi ilə seçkiyə müdaxilə planında iştirak ittihamı irəli sürdü.

Seçkidən öncə bəzi dövlət və yerli hakimiyyət orqanları şəbəkələrinə girməyə cəhd edildiyini bildiriblər, amma rəsmilər bunun qarşısını ala bildiklərini deyiblər.

ABŞ kəşfiyyat rəsmilərinin ötənhəftəki xəbərdarlığına görə, Rusiyayla Çin artıq 2020-ci il prezident seçkisini hədəfə almağa hazırlaşır.

Birləşmiş Ştatların kəşfiyyat cameəsi belə bir qənaətə gəlib ki, Rusiya təkmil haker və təbliğat kampaniyası vasitəsilə 2016-cı ilin prezident seçkisi zamanı seçicilərə təsir göstərməyə, Prezident Donald Trump-ın namizədliyini dəstəkləməyə çalışıb.

Hazırda ABŞ prokurorları Trump-ın seçki kampaniyası ilə Moskvanın mümkün əlbirliyini araşdırır.

Trump və Moskva uyğun iddiaları rədd edir.