''Yeyirsiniz', amma bizə...'-Media icmalı

«Sovetski»də yenidənqurma

Sərməyə qoyuluşu, Bakının «Sovetski» deyilən ərazisindəki son vəziyyət, özünüməşğulluq proqramında şikayətlər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Sovetski»dən sonra növbədə «Kubinka»dır

Trend.az saytında ««Sovetski»də abadlaşdırma işlərinin başa çatacağı vaxt açıqlanıb» sərlövhəli yazı oxumaq olar.

Müəllif Bakının «Sovetski» deyilən ərazisində söküntü və yenidənqurma işlərinin vəziyyəti barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanovla söhbətləşib.

«Bakının bu ərazisindəki yaşayış üçün yararsız olan binaların sökülməsi və gələcək abadlaşdırmanı nəzərdə tutan layihə ən irimiqyaslı təşəbbüslərdəndir. Ona görə də onun tam icrası azı bir il də davam edəcək», -D.Dövlətxanov bildirib.

D.Dövlətxanov deyib ki, bu layihə həm də Bakının Baş Planının vacib elementlərindəndir: «Hazırda «Sovetski» ərazisində yaşayış evlərinin sökülməsinin ikinci mərhələsi davam edir. Artıq demək olar ki, ərazinin böyük hissəsi istifadə üçün yararsız ev və tikililərdən azad edilib».

Komitə sədrinin müavini vurğulayıb ki, bu ərazidə artıq yaşıllaşdırma prosesi başlayıb və bu işlər Təzəpir məscidinin olduğu yerə qədər aparılacaq.

Komitə rəsmisi habelə söyləyib ki, Bakıda evlərin sökülməsi «Kubinka» deyilən ərazidə də planlaşdırılır. Amma sədr müavini bu prosesin başlama tarixi barədə indidən danışmağın çətin olduğunu söyləyib.

Özünüməşğulluq proqramında xəstə heyvanlar

Marja.az saytında ««Yeyirsiniz», amma bizə bu zülmü verməyin» sərlövhəli yazı yer alır.

Müəllif özünüməşğulluq proqramı çərçivəsində mal-qara alanların şikayətlərini gündəmin müzakirəsinə daşıyır.

Yazıda bildirildiyinə görə, Oğuz rayonunun Xaçmaz kənd sakini Elçin Mənsimov iddia edib ki, ona xəstə və balasız inəklər verilib: «Ailəliyəm, işləmirəm. Oğuz rayonu Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata düşdüm. Özünüməşğulluq proqramına qoşuldum və imtahandan uğurla keçdim. Mənim biznes planıma görə, südlük 5 min manat dəyərində heyvanlar bizim iştirakımız ilə alınmalı idi. Mənə məcburi şəkildə xəstə, balaları olmayan heyvanları veriblər. Amma mənə yanı balalı heyvanlar alınacağımı bildirmişdilər».

E.Mənsimov heyvanların vəziyyətini əks etdirən görüntülər də təqdim edib. O bildirib ki, ona verilən 485 nömrəli heyvan ölür: «Açıb suya buraxdım, heyvan yıxıldı. Heyvanın ağzında dişləri yoxdur. İkinci heyvan da yaxşı vəziyyətdə deyil. Mən bunlar ilə 6 balamı saxlayacam?!».

Yazıda habelə qeyd edildiyinə görə, E.Mənsimov düşdüyü vəziyyətlə bağlı deyib: «Sizin mərifətiniz olsun, «yeyirsiniz», amma bizə bu zülmü verməyin. Qoyun öz həyatımızı yaşayaq. Gəldik ağız açdıq ki, «bizə yardım edin», gətirdiz bu xəstə heyvanları verdiniz. Mən indi nə edim?».

Yazıda şikayətə Oğuz rayonu Məşğulluq Mərkəzindən münasibət təqdim edilməyib.

Biznes

Sərmayə qoyuluşu

«Azərbaycan» qəzetində «İqtisadi islahatlar həm də münbit investisiya mühiti formalaşdırır» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, hər bir dövlətdən ötrü kapital qoyuluşu böyük əhəmiyyət daşıyır: «Azərbaycan kimi inkişaf etməkdə olan və iqtisadi islahatlar aparan ölkələrdən ötrü isə sərmayə qoyuluşunun əhəmiyyəti daha çoxdur, ən azından islahatların davamlı olması üçün».

Yazıda dövlət başçısının Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına dair iclasındakı çıxışından sitat da gətirilir: «Bu il sahibkarlığın inkişafı ilə bağlı əlavə addımlar atılacaq. Bildirməliyəm ki, əvvəlki illərdə sahibkarlara 2.2 milyard manat məbləğində güzəştli kreditlər verilmişdir, keçən il isə 160 milyon manat. Sevindirici haldır ki, ayrılan kreditlər əvvəlcə verilmiş və sonra qaytarılan kreditlər hesabına ödənilir. Yəni, büdcə bu məsələyə pul xərcləmir. Biz sahibkarlara hər il bu cür dəstək göstəririk və göstərəcəyik».

Müəllif Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, 2018-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafına bütün maliyyə mənbələrindən 17 milyard 238.2 milyon manat sərmayə yatırılıb: «Xarici sərmayəyə gəldikdə, bu sahədə də rəqəm az deyil - 5 milyard 222.1 milyon manat. Bu vəsaitin 82.6 faizi İngiltərə, Türkiyə, Malayziya, ABŞ, Yaponiya, İran, Rusiya, Çexiya və Norveç sərmayədarlarına məxsus olub».