Meşədən meyvə yığmağa görə cərimə artırılır

Fındıq ağacları

Baş nazir Novruz Məmmədov meşələrdə meyvələrin icazəsiz yığılmasına görə cərimənin miqdarını təqribən 3 dəfə artırıb.

Bununla bağlı bu il fevralın 2-də qərar verilib.

Bununla «Meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması tədbirləri haqqında» 2004-cü il 30 sentyabr tarixli Qərara dəyişiklik edilib. Habelə, «Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında» Qərar da dəyişdirilib.

Yeni dəyişikliklərə əsasən, icazəsiz yığılan meşə sərvətlərinin hər kiloqramına cərimə məbləği 3 dəfəyədək artırılıb.

İtburnu, şabalıd, fındıq və dərman bitkilərinin icazəsiz yığılmasından ötrü əvvəl cərimə 80 qəpik idisə, indi 2 manata çatdırılıb. Çaytikanı və qoza tətbiq edilən cərimə əvvəl 1 manat 20 qəpik olub, fevralın 2-də isə 3 manata yüksəldilib.

1 kiloqram cır alma, armud, zoğal, alça dərən şəxsi isə indi 1 manat cərimə gözləyir. Həmin meyvələr nisbətən peyvənd olarsa, cərimə 2 manat təşkil edəcək.

Meşə ehtiyatlarının üzrə cərimələr artırılıb

Ümumilikdə isə, meşə ehtiyatlarının bütün parametrləri üzrə cərimələr artırılıb. Bura mal-qara otarılması, ot çalınması, ağacların və kolların zədələnməsi və başqa parametrlər daxildir.

Sosial şəbəkələrdə bir çox insanlar hökumətin cır meyvələrə görə cərimələri artırmasını tənqidlərlə qarşılayıblar.

Dövlət Statistika Komitəsi (DSK) isə bu gün, fevralın 6-da yaydığı məlumatda meşələrdə bərpa işlərindən bəhs edib.

Komitə bildirir ki, ölkənin 42.3 min hektar meşə fondu torpaqlarına xidmət göstərilib. Bundan 10.2 min hektarda meşəbərpa tədbirləri aparılıb: «Görülmüş tədbirlər çərçivəsində 2.5 min hektar sahədə yeni meşə ağacları əkilib... Bundan başqa, 46.9 min hektar meşə fondu torpaqlarında birdəfəlik suvarma işləri aparılıb».

Komitə vurğulayıb ki, ümumilikdə 2018-ci ildə meşə ilə örtülü sahələrdən 59.7 ton meyvə, ağac və kol cinsləri toxumları tədarük edilib: «Bunların da 14.5 tonu qoz, 3.1 tonu şabalıd, 2.5 tonu ərik, 1.7 tonu badam, 1.2 tonu şaftalı, 0.5 tonu gilas, 0.3 tonu xurma, 0.1 tonu fındıq toxumlarının payına düşüb».