Fevralın 3-də saxlanaraq Abşeron Rayon Polis Şöbəsinə aparıldığı bildirilən Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Qaradağ rayon təşkilatının sədri Elnur Cabbarlı haqqında da yeni məlumat alınıb.
AXCP-dən açıqlamaya görə, ona fevralın 5-də 10 sutka inzibati həbs cəzası verilməsi ilə bağlı məlumat əldə ediblər. E.Cabbarlı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsini pozmaqda təqsirli bilinib.
Amma bu məlumatı, hələlik, Abşeron polisi və məhkəməsindən dəqiqləşdirmək mümkün olmayıb.
AXCP Şamaxı şöbəsinin sədri həbs edilib
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Şamaxı rayon şöbəsinin sədri Zahir Məmmədlinin fevralın 5-də saxlandığı bildirilir.
Bu barədə AXCP-dən məlumat veriblər.
Məlumatda qeyd edilir ki, rayonun Quşçu kənd sakini olan Z.Məmmədli evlərinə gedərkən saxlanıb və polis şöbəsinə gətirilib.
Elə həmin gün də onun rayon məhkəməsinin qərarı ilə 30 sutka inzibati həbs cəzası aldığı bildirilir.
Partiyadan vurğulayıblar ki, Z.Məmmədli İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsini pozmaqda təqsirli bilinib.
Amma bu məlumata rayon polisi və məhkəməsindən münasibət almaq mümkün olmayıb.
Xatırlatma
AXCP-dən verilən məlumata görə, təkcə bu ilin əvvəlindən 35-ə yaxın siyasi fəal inzibati hüquq pozmalarında günahlandırılaraq 20-25 sutkalıq həbs cəzası alıblar. Bundan başqa, bu partiyanın 10-a yaxın fəalı son illər müxtəlif ittihamlarla mühakimə olunaraq uzunmüddətli həbs ediliblər. Bəzilərinin də məhkəməsi gedir. Partiya onların siyasi fəaliyyətləri ilə bağlı şərlənərək həbs olunduğunu bəyan edib. Amma rəsmilər ölkədə insanların siyasi baxış və fəaliyyətlərinə görə təqib olunduğu ilə bağlı iddiaları əsassız sayırlar.