Bu gün – fevralın 7-də Montevideoda Venesuela böhranı üzrə beynəlxalq toplantı keçirilir.
“Frans Pres” agentliyi Avropa Birliyi üzvlərinin, Avropanın daha 8 ölkəsinin və 5 Latın Amerikası ölkəsinin Uruqvayın paytaxtında bir araya gələrək Venesuelada dinc siyasi prosesə şərait yaradılmasını müzakirə edəcəklərini yazır.
Bu təşəbbüsü ilkin olaraq Meksika və Uruqvay ortaya atıb.
Maduro çərşənbə günü AB-nin erkən prezident seçkisi keçirməklə bağlı ultimatumunu rədd edərək toplantını alqışlayıb, “dialoqu asanlaşdıracaq bütün addım və təşəbbüslərə” dəstək ifadə edib.
40 ölkənin aralıq dövr prezidenti kimi tanıdığı Guaido isə hökumətlə hər hansı danışıqları rədd edib, bunu Maduronun vaxt qazanmaq istəyi kimi yozub.
***
Venesuela ordusu Kolumbiyayla əsas sərhəd keçidini bağlamaqla ölkəyə çox vacib humanitar yardımın gəlməsini önləyib.
Fevralın 6-da bağlanmış körpüdə rəsmilər humanitar yardım toplamağı planlaşdırırlar. Müxalifət lideri Juan Guaido həmin yardımı Venesuelada çox ehtiyacı olanlara çatdırmağa and içib.
Yardım məsələsi Guaido ilə hakimiyyətini saxlamağa çalışan prezident Nicolas Maduro arasında savaşın daha bir mərhələsidir. Maduro ölkəyə yardım buraxmayacağını deyir.
Maduro deyir ki, Venesuela “dilənçilər” ölkəsi deyil. O, humanitar yardımı rədd edir, bunu xarici müdaxiləyə bərabər tutur.
ORDUYA XƏBƏRDARLIQ
Kanada Karakasa 53 milyon dollarlıq, ABŞ administrasiyası isə 20 milyon dollarlıq yardım vəd edib.
Əsgərlər sərhəd körpüsünü bağlayınca Guaido orduya məsuliyyətilə bağlı xəbərdarlıq edib. O, Kolumbiya radiosuna deyib ki, ordu “zərrə qədər humanistliyi olmayan diktatura ilə konstitusiya arasında seçim etməlidir”.
ABŞ Dövlət katibi Mike Pompoe Venesuela ordusunun yardımı “Maduronun göstərişilə” önlədiyini deyib.
Maduro 2013-cü ildə, Hugo Chavez-in ölümündən sonra hakimiyyətə gəlib. O, ötən ilin mayında ikinci müddətə prezident kimi and içib. Amma müxalifət seçkini boykot edib, kütləvi saxtakarlıq iddiaları səsləndirilib.
Maduro iddia olunan insan haqları pozuntuları, ölkə iqtisadiyyatın idarəçiliyinə görə də tənqid olunur.
Birləşmiş Ştatlar, Kanada, AB-nin bir çox üzvləri və region ölkələri – Braziliya, Kolumbiya və Argentina Guaido-nu dəstəkləyib.
Rusiya daxil bir sıra ölkələrin isə Venesuela hökumətilə sıx hərbi əlaqələri var və Maduronu dəstəkləyir.