Aİ-Azərbaycan Alt Komitəsinin iclası olub

Azərbaycan-Aİ

Bu il fevralın 5-dən 6-na kimi Bakıda Avropa İttifaqı (Aİ) - Azərbaycan ədliyyə, azadlıq və təhlükəsizlik, insan hüquqları və demokratiya məsələləri üzrə Alt Komitəsinin VII iclası keçirilib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumatda bildirilir.

Məlumata görə, iclasa Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Mahmud-Məmməd-Quliyev, Aİ tərəfindən isə Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı ölkələri ilə ikitərəfli münasibətlər şöbəsinin müdiri Riçard Tibbels həmsədrlik ediblər.

Açıqlamada qeyd edilir ki, iclas qarşılıqlı əhəmiyyət kəsb edən sahələr üzrə məhsuldar danışıqların aparılmasına imkan yaradan açıq və konstruktiv zəmində baş tutub.

Məlumatda vurğulanır ki, fevralın 5-də tərəflər ədliyyə, azadlıq və təhlükəsizlik sahəsində qarşılıqlı maraq doğuran məsələlər, qanunun aliliyi, məhkəmə hakimiyyəti, ədliyyə sahəsində əməkdaşlıq barədə müzakirələr aparıblar.

Bununla yanaşı, miqrasiya, sığınacaq, sərhəd idarəçiliyi, mütəşəkkil cinayətkarlıq və digər qanunsuz fəaliyyət növləri ilə mübarizə mövzuları ətrafında da geniş fikir mübadiləsi aparıldığı bildirilir.

Verilən məlumata görə, fevralın 6-da isə insan hüquqları və demokratiya sahəsində mülki, iqtisadi, siyasi, sosial hüquqlar ətrafında müzakirələr aparılıb.

Məlumatda yazılıb ki, iclasın yekununda bundan öncəki görüşlərin nəticələrini və gələcək əməkdaşlıq proqnozlarını əks etdirən əməli nəticələr sənədi qəbul edilib.

Xatırlatma

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» proqramı çərçivəsində əməkdaşlıq edir. «Şərq Tərəfdaşlığı»nda Aİ-nin altı qonşu ölkəsi əhatə edilib. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxil olub. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb.

Azərbaycanla da belə sazişin imzalanması ilə bağlı danışıqlar 2017-ci ilin əvvəlindən başlayıb. Ancaq, hələlik, tərəflər arasında tərəfdaşlıq sazişi imzalanmayıb.