Rusiyada Yehova Şahidləri saxlanır

Dennis Christensen məhkəmədə

Rusiyanın iki regionunda polis Yehova Şahidləri dini qrupunun bir neçə üzvünü saxlayıb. Bu qrup Rusiyada 2017-ci ilin aprelindən qadağan olunub.

Daxili İşlər Nazirliyinin Xantı-Mansi Muxtar Rayonundakı şöbəsi fevralın 7-də bildirib ki, saxlanan şəxslər “Yehova şahidləri olmayan vətəndaşlar üzərindəki üstünlükləri barədə vaizlik ediblər”.

Bəyanatda şübhəlilərin qanunsuz toplantılar keçirdiyi, “ekstremist ideyalar təbliğ etdiyi, qadağan olunmuş dini qrupa yeni üzvlər cəlb etdiyi” bildirilir.

Saxlananların dəqiq sayı, yaxud nə vaxt saxlandıqları qeyd olunmur.

Nazirliyin Mordoviya Muxtar Respublikasındakı şöbəsi də fevralın 7-də Yehova Şahidlərinin “qanunsuz fəaliyyətinin dayandırılması üçün irimiqyaslı əməliyyat” keçirildiyini bildirib. “Qrupun təşkilatçılarının saxlandığı, təhqiqat başlandığı” vurğulanır.

Bu məlumatda da neçə nəfərin saxlandığı dəqiq göstərilmir.

Bir gün öncə – fevralın 6-da Oryol şəhərində Yehoşa Şahidi üzvü, danimarkalı Dennis Christensen “ekstremist təşkilatın fəaliyyətinin təşkilində” təqsirli bilinərək altı illik həbsə məhkum edilib.