Ölüm azalıb, cərimələr artıb

Yol qəzası

2018-ci ildə Azərbaycanın avtomobil yollarında 1817 yol-nəqliyyat hadisəsi baş verib.

Dövlət Statistika Komitəsinin (DSK) bu gün, fevralın 7-də yaydığı məlumatda bildirilir ki, bu, 2017-ci il ilə müqayisədə 0.9 faiz azdır.

Açıqlamaya görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 1.5 faiz azalaraq 2433 nəfərə düşüb: «Onlardan 722-si həlak olub, 1711-i isə yaralanıb».

2017-ci ildə yol-nəqliyyat hadisələrində 750 insan ölmüşdü.

Məlumata görə, il ərzində yol hərəkəti qaydaları əleyhinə inzibati xətaların sayı 2017-ci ilə nisbətən 1.3 faiz artaraq 3409.7 minə çatıb. Qaydaların pozulmasına görə 85.6 milyon manat məbləğində cərimələr tətbiq edilib.

Son illər Azərbaycanda yol hərəkəti qaydaları əleyhinə inzibati xətalarla bağlı cərimələr artırılıb.