Prezident Rusiyadan gələn nazirlə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev

Azərbaycan prezidenti İlham Əliyev fevralın 9-da Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
M. Oreşkin Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının həmsədri kimi də fəaliyyət göstrir.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı İlham Əliyev bu səfər zamanı iki ölkə arasında ticarət dövriyyəsi, nəqliyyat, birgə müəssisələrin yaradılması və digər sahələrdə iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparılacağına əminliyini bildirib.
Prezident deyib ki, bu il iki ölkə arasında Samur çayı üzərində yeni körpü ( təməli 2017-ci ilin oktyabrında qoyulub-r) istifadəyə veriləcək.
Dövlət başçısı habelə vurğulayıb ki, bu gün, fevralın 9-da Hacıqabulda “QAZ” avtomobillərinin istehsalı zavodunun təməli qoyulur.

Maksim Oreşkin də öz növbəsində deyib ki, Samur çayı üzərində körpünün inşası ilə bağlı işlərin gedişi ilə tanış olub.
Söhbət zamanı infrastruktur, investisiya, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, birgə hökumətlərarası komissiyanın səmərəli fəaliyyət göstərdiyi qeyd olunub

“Qaz” avtomobillərinin istehsalı zavodunun təməli qoyulub

Fevralın 9-da Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanla Rusiyanın birgə layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub.

Təməlqoyma mərasimində Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin və “Azərmaş” açıq səhimdar cəmiyyətinin (ASC) idarə heyətinin sədri Emin Axundov iştirak edib.

Kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodu Azərbaycanın “Azərmaş” ilə Rusiyanın “Qaz Qrup” şirkətinin birgə layihəsidir. Zavodda kiçik tonnajlı avtomobillərin istehsalı nəzərdə tutulur. Layihənin investisiya dəyəri 14 milyon manat təşkil edir. İlkin mərhələdə zavodda 100 nəfər işlə təmin olunmalıdır.

Verilən məlumata görə, zavodun illik istehsal gücü 1000 avtomobil təşkil edəcək. Tikinti işlərinin 2020-ci ildə başa çatdırılması nəzərdə tutulur. Zavodda “Qazel”, “Qazel Biznes”, “Qazel Next” avtomobillərin modelləri və xüsusi təyinatlı texnika istehsal etməlidir.