İki pilot əsirlikdən azad olunub

Rusiya Prezidenti Vladimir Putin (ortada) və Igor Dodon (solda), arxiv fotosu

İki moldovalı pilot Əfqanıstanda 3 il yarım əsirlikdə qalandan sonra azad olunub. Bunu Moldovanın Prezidenti Igor Dodon deyib.

“Bu həftənin sonunda, ya da gələn həftənin əvvəlində Moskvaya gedəcəyəm və pilotlarla birlikdə Kişinauya qayıdacağam”, – Dodon fevralın 11-də jurnalistlərə söyləyib.

Onun sözlərinə görə, pilotlar Moskvada həbsxanada qalır, durumları “qənaətbəxşdir”.

Həmin pilotlar Rusiya istehsalı olan Mi-17 vertolyotu Əfqanıstanın şimalındakı Faryab vilayətində qəzaya düşəndə Taliban tərəfindən ələ keçiriliblər. Hadisə 2015-ci ilin noyabrında baş verib. Pilotlar BMT-nin yardım missiyasının tərkibində idilər. Moldovalı üçüncü heyət üzvü isə öldürülmüşdü.

Kişinau ilə Moskva arasında əlaqələrin sıxlaşdırılması tərəfdarı olan Dodon deyib ki, pilotlar fevralın 9-da bir neçə aylıq danışıqlardan sonra azad olunublar.

Onların buraxılması “yalnız şəxsi xahişimə cavab verən Rusiya Federasiyası rəhbərliyinin köməyi sayəsində” mümkün olub, Moldova prezidenti söyləyib.